Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

15 Sentyabr 13:39
214
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Daşqın Ziyəddinoğlu

AY QIZ, İNSAFIN OLSUN

Bax ey, müjgan oxların,

üəyimə sancılar.

Ruhuma sevdan düşər,

ürəyimə sancılar...

Ay qız, insafın olsun.

***

Sən elə güldün ki, ha,

çəməndə gül üşündü.

Məni candan eylən,

bu şirin gülüşündü.

Ay qız, insafın olsun.

***

Oyansan səhər ertə,

görər ki, dağ, dan düşər.

Saçların şəlalətək,

elə bil dağdan düşər.

Ay qız, insafın olsun.

***

“Şəms ilə Qəmər” kimi,

“Gün” sən olma, “Ay” da mən.

Barı, görüm bircə yol,

Gün üzünü ayda mən.

Ay qız, insafın olsun.

***

Dik gözünü gözümə,

uzaqdan baxış, görüm.

Gəlim dinə-imana,

mehriban baxış görüm.

Ay qız, insafın olsun,

İnsaf da yaxşı şeydi.

BİR SEVDA YAŞAYIRAM

Ölçmə istəyimi, sevgimi tüccar,

Ölçmə hislərimi bazar daşıyla.

Sən mənim halımdan halı deyilsən,

Sevda yaşayıram, məzar daşıyla.

***

Leylisin itirmiş Məcnunsayağam,

Kərəmdən betərəm odun içində.

Tək onu, tək onu sevə bilmişəm,

Dünyada bu qədər qadın içində.

***

Hər yer xatirəsi, xəyalı hər yer,

Su kimi ovcumdan axıb gedənin.

Deyirəm əlini necə buraxdım,

Titrək əllərimi sıxıb gedənin?

***

Gözlərim getdiyi yoldan yığılmaz,

Xəyalım gör neçə yol aşıb gedər.

Yeriyə bilmirəm bu yollarda mən,

Yollar ayağıma dolaşıb gedər...

***

Sudan çıxarılmış balıq kimiyəm,

Harda tora düşdüm, tilova düşdüm?

Boranlı dağların aşırımındayam,

Sonuncu gədikdə qrova düşdüm.

KÖLGƏSİYƏM RUHUNUN

Vətən dedin, ürəyimə sığındın,

Sübhanallah, ölkəsiyəm ruhunun.

Sən ruhumsan, mən də sənin, əzizim,

Bilirsənmi kölgəsiyəm ruhunun?

***

Bu sevdanı ən qiymətli zər kimi,

Gizləmişik, saxlamışıq sirr kimi.

Şəhla gözlüm, ocaq kimi, pir kimi,

Ən müqəddəs bölgəsiyəm ruhunun.

***

Mən nə deyim, özün yaxşı bilirsən,

Gözlərimdə mirvari sən, büllur sən.

Haqq məndədir, haqqa tərəf gəlirsən,

Son tiniyəm, döngəsiyəm ruhunun.

Zərifə İslam

ULDUZ TOPLA MƏNİM ÜÇÜN

Sən köksümdə doğan səhər,

Ulduz topla mənim üçün.

Taleyimi yazan qədər,

Ulduz topla mənim üçün.

***

Ruhum saran ayazından,

Yolun düşən qar izindən.

Dan sökməyən gündüzündən,

Ulduz topla mənim üçün.

***

Aydınlıqdan dumanlığa,

Hissə-hissə, bir anlığa.

Döndər özün qaranlığa,

Ulduz topla mənim üçün.

***

Baxma fələyin sözünə,

Düşmə bu dünya izinə.

Çıxar olsan göy üzünə,

Ulduz topla mənim üçün.

***

Kirpiyinin arasında,

Gözlərinin qarasında.

Ürəyinin parasında,

Ulduz topla mənim üçün.

DÜŞÜNDÜM

Bir illət düşündüm, indi dörd yanım,

Sənə yanğın olub, mənə bir dəniz.

İçdiyin sulara bulaşmış qanım,

Mən sənə caizəm, sən mənə vaiz.

***

Bir zillət düşündüm, qaranlığından,

Çırağım əlimdə qalmayıb yanıq.

Qaparsa üzümə dünya zülməti,

Gördüyüm ən gözəl işıqsan, işıq !

***

Bir həsrət düşündüm, misralarından,

Mənə kəlmə-kəlmə üzrü qalıbdır.

Sənə bir divanlıq şerim yanında,

Hər kəsin bir sətir ömrü qalıbdır.

SƏNİ UNUTMAQ İSTƏYƏN ZAMAN

Mənə dünya qədər kəsilir cəza,

Hər səni unutmaq istəyən zaman.

Nə qədər xoş anım edilir qəza,

Hər səni unutmaq istəyən zaman.

***

İgid ömrü oldu, sevdamın yaşı,

Qarşımda böyüdü bir səbir daşı.

Mənə qədərimin çatılır qaşı,

Hər səni unutmaq istəyən zaman.

***

Səmamda varlığın Günəş qədərdir,

Bəyaz göyərçindir, hür bir bəşərdir.

Tale ulduzumsa, birər-birərdir,

Hər səni unutmaq istəyən zaman.

***

Nə etdim ruhumdan alındı qisas?

Bu hal mənə qalan xeyirsiz miras.

Tanrı da geyinir siyah bir libas,

Hər səni unutmaq istəyən zaman.

***

Ey çinar qamətlim, sən əsərimsən,

Bəlkə yarım deyil, hey əsirimsən.

Bir ömür dönəcək ümid yerimsən,

Hər səni unutmaq istəyən zaman...

--
Isa Ravan