Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

8 Sentyabr 10:15
113
Bəyəndim (0) Bəyənmədim (0)

Qabil Ədalət

GEDƏSƏN ÖZÜNƏ TƏRƏF

Əyilib, Tanrının yolunu tutub,

Dünyanın sağını, solunu tutub.

Ortancıl şeirinin qolunu tutub,

Gedəsən özünə tərəf.

***

Açıb keçmişini, sərəsən günə,

Tikanlı məftili hörəsən dünə.

Bürünüb eşqinə, batıb sevginə,

Gedəsən özünə tərəf.

***

Bəxtim yetişməyib, balamda dərə,

Çırpıb, çiynindəkin tökəsən yerə.

Yüyürüb, yıxılıb, batıb qan-tərə,

Gedəsən özünə tərəf.

GEDİRƏM, SƏNİ SEVMƏYƏ

Nə sirdir, çözə bilmirəm,

Sözüm çox, susub dinmirəm.

Yanında sevə bilmirəm,

Gedirəm, səni sevməyə.

***

Ömrü varağa düzürəm,

Sözə, misraya əsirəm.

Dur, yola sal, tələsirəm,

Gedirəm, səni sevməyə.

***

Xatirələr saçın yolar,

Elə qorxuram, gec olar.

Kəsmə yolumu, qaç, nolar,

Gedirəm, səni sevməyə.

***

Sevgimin odu közərdi,

Çiçəyi, gülü göyərdi.

Uzaqdan sevmək gözəldi,

Gedirəm səni sevməyə.

ÜÇ RƏNGLİ BAYRAĞIM

Küləyə də yenilməz, küləklə yarışanım,

Parlayır başım üstə, günəşə qarışanım.

Azərbaycan yurduna, elinə yaraşanım,

Əbədi sönməyəcək, haqdan yanan çırağım,

Ey şanlı, ay-ulduzlu, ey üç rəngli bayrağım.

***

Ordumuzun gücündən ilhamlanıb güc alan,

Bayraqların içində şərəfiylə ucalan.

Zəfərə zəfər qatıb, Qarabağa sancılan,

Bölünməz torpağında dalğalanan vüqarım,

Ey şanlı, ay-ulduzlu, ey üç rəngli bayrağım.

***

Elə ucalmısan ki, buludlara tən olub,

Sədan ölkələr gəzir, sərhədlər ötən olub.

Sənin ucalığınla bu vətən Vətən olub,

Bu odlar diyarında alovlanan ocağım,

Ey şanlı, ay-ulduzlu, ey üç rəngli bayrağım.

Sevil Gül Nur

AYRILIQ OYUNU

Belə olmur, birdənəm, qaydası var oyunun,

Dilin qabar etməzlər, bu oyunda sayanın.

“Üçə qədər say” dedin, bu neçənci “üç” oldu?

Yer tapıb gizlənməyin niyə belə gec oldu?

***

Gözlərimi açınca ay ötdü, ilə döndü,

Nə dərin gizlənmisən, tapmaq müşkülə döndü.

Hisslərimin ən təmiz qatında gəzdim səni,

Qanayan dodağımın çatında gəzdim səni.

***

Həm bu günümə baxdım, həm dünənə boylandım,

Barmaqlarım ucunda qalxıb yenə boylandım.

Ümid gələn yerləri birbəbir soraqladım,

İçimdə pıçıldayıb: “Ya səbir” soraqladım.

***

Daha harda axtarım, xəyal dənizindəmi?

Solan xatirələrin hər itən izindəmi?

Adını səsləməkdən yara bağladı dilim,

Yoruldu sənə tərəf uzanıb qalan əlim.

***

Çıx daha, gözləməkdən taqətdən düşdü gözüm,

Bu ayrılıq oyunu bitmədimi, əzizim?

SƏNSİZLİK

Bu bahar gözlərimdə həsrətin çiçək açdı,

Bu səhər ürəyimdə yuva qurdu ayrılıq.

Saçımda dənə gəldi biçarə qaranquşlar,

Kədərimdən pay oldu onlara da bir qırıq.

***

Bu bahar çox üşüyür ruhumun boş əlləri,

Bir ümid də tapılmır yalın əlinə geyə.

Xaraba könlümdə də elə bayquş ulayır,

Gələn də bir daş atır, bəlkə uçurar deyə...

***

Şəhər yenə boşalıb, karantin uzadılır,

Bir mənəm, küçələrdə dolaşan dəli adam.

Bu atılmış yollarda gözə dərman kimsə yox,

Baxıb sənə oxşada, ala təsəlli adam...

***

Yenə qarışdırmışam sənli yuxularımı,

Səni tapa bilmirəm, hara düşüb qalmısan?

Zamanın sənə qalan əqrəbini pas tutub,

Özün də bir addımlıq yolda çaşıb qalmısan.

***

Sevincin tamamına hələ neçə əsr var,

Hələ qəmə işləyir bu sonsuz qaranlıqlar...

Durum, bəzənim bir az, sən alan donu geyim,

Bu gecə sənsizliyə evimdə qonaqlıq var.

***

Bu gecə göz yaşımı içirəm yoxluğunla,

Eşqindən sərxoş olub, səndirləmək bax budur!

Bolluca qəm içmişəm, gecəsə davam edir,

İndi də yoxluğunla rəqs eləmək vaxtıdır.

ÇIXA

Ömrə varan ağrılar,

Qəlbi yoran ağrılar.

Ruhu saran ağrılar,

Canından hərdən çıxa.

***

Nə gözünə nəm gələ,

Nə könlünə qəm gələ.

Ürəyə bir dəm gələ,

Dərddən, kədərdən çıxa.

***

Sevinc elə nur saça,

Gülümsəyə künc-bucaq.

“Xoşbəxtlik” adlı qaçaq,

Bir anda yerdən çıxa.

***

Uzandıqca təkliyin,

Sıxar səni çəkdiyin.

Yoluna göz dikdiyin,

Yoluna birdən çıxa.

***

Ya da, bir tufan qopa,

Təb sənə doğru çapa.

Hissin də məqam tapa,

Heyfin şeirdən çıxa.

Hazırladı: Isa Ravan