Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

1 Sentyabr 06:16
388
Bəyəndim (0) Bəyənmədim (0)

Elvin Firudinoğlu

YAĞIŞ GÖZLƏYİRƏM

Yağış gözləyirəm, bir dəli yağış,

O yağış canımdan od aparacaq.

Yurd salıb qəlbimin başında çoxdan,

Hiss oğruları, yad aparacaq.

***

Yağış gözləyirəm, bir dəli yağış,

Bağrımın başına sığal çəkəni.

Ümid bəsləyirəm onda saflığa,

Qoymaz o ruhumda bircə ləkəni.

***

Yağış gözləyirəm, bir dəli yağış,

Gələcək, o məni duyur sanıram.

Səmadan ovcuma, oradan yerə,

Getməsi uğuruna torpaq yonuram.

***

Yağış gözləyirəm, bir dəli yağış,

O mənim təbimin mürəkkəb qabı.

İçimdə darıxan şeir ilhamı,

Bitir damlasında mənim əzabım.

***

Yağış gözləyirəm, bir dəli yağış,

Suyunda təbiət yuyunacaqdır.

Duymaqçün səsində həzin nəğməni,

Şair də bayırda dayanacaqdır,

Yağış gözləyirəm, bir dəli yağış...

ÖYRƏŞMƏ

Nəyə kökləmişik gör bu həyatı?

Sabahı yüyrəkdir, axşamı yorğun.

Keçən il simada parlayan işıq,

Bu gün gözümüzdən boylanır solğun.

***

Ətrindən doymamış bahar fəslinin,

Payızda ayılıb duyğulanırıq.

İlıq sabahlarda sərinlik gəzib,

Qış gəlir, düşünüb qayğılanırıq.

***

Yox, mən qınamıram biz adamları,

Yüklənib hərəsi öz acısıyla.

Şair neynəsin ki, hamının könlün,

Almaq da olmayır söz ağısıyla.

***

Bəxtinə düşübdür yarananların,

“Yaşamaq” adıyla həvalə ömür.

Ancaq yaşamağı çatdırmaq olmur,

Verilmir bir daha əlavə ömür.

***

Beləcə, çarpışır bəhanələrlə,

Min ağrı, əzabla təkbətək ürək.

Üzdə çox alırsan ümid, təsəlli,

Sonda tək özünə, özünsən gərək.

***

Bax, budur tənhalıq, insan öyrəşir,

Ağrısı üzündən bilinməsə də.

Adamın içində qəlbi çatlayır,

Çölündən sinəsi bölünməsə də.

NECƏSƏN ŞAİR, NECƏSƏN?

Dünyanın ölüm-qalımı,

Fırladır ömür valımı.

Soruşuram öz halımı,

Necəsən şair, necəsən?

***

Başın daima qaldadır?!

Hər gün sabahı aldadır.

Gündüzün gör nə haldadır,

Gecəsən şair, gecəsən.

***

Pisliyindən utanmazdan,

Xəbislikdən yatanmazdan.

Tozuna da çatanmazdan,

Ucasan şair, ucasan.

***

Dünya oyun, keçsə belə,

Dərdlər səni seçsə belə.

Sıxıb canı qucsa belə,

Qaçasan şair, qaçasan.

***

Gələndə bir şeir dəmi,

Ol misranın sarı simi!

Sözün ola günəş kimi,

Saçasan şair, saçasan.

***

Yaltaqlanıb yanlayana,

Aldanma, tez sonlayana.

Qəlbi haldan anlayana,

Açasan şair, açasan.

***

Uzaq ola ağıl şəkdən,

Fərq ayırır cütü təkdən.

Ayıq ol ki, tükü-tükdən,

Seçəsən şair, seçəsən.

***

Elvin, sözün düşər dilə,

Bu xalq qoymaz şeir ölə.

Onda azad ruhun ilə,

“Köçəsən” şair, köçəsən...

Bənövşə Mahmudqızı

XƏYALİ XOŞBƏXTLİK

Qoy bir az xəyal edim,

Sevdiyim ilə evləndim.

Xoşbəxtəm...

Dünyada bəxti gətirən,

Hər arzusu çin olan,

bir insan məsələn.

Sonra...

Bətnimə bir günəş sığır,

Məsum günəşim.

Öncə bətnimdə,

Sonra köksümdə kök salacaq.

Ömür boyu qalacaq kök,

Şəfqət, sevgi verəcəm.

Çox sevəcəm, lap çox,

O dünyanı bətnimdə öyrənəcək.

Mahnılar,

Nağıllar,

Hekayələr dinləyəcək.

Gələcəyi yerin

mahnı bəstələtdirən,

Nağıl qoşduran,

Şeir, hekayə yazdıran,

Bir yer olduğunu biləcək.

Danışacam bir-bir ona,

Bir körpə sahibi olan ana,

Bədbəxt olsa da, yenə xoşbəxtdir.

Deyəcəyəm, sevdiyim kişi ata,

Çətinlikdən beli qatlanar.

Səni qoymaz yanmağa,

Oda atılar, oddan qurtular.

Çünki yaxşı atadır,

Lap sənin baban kimi.

Nənən bir az deyingən,

Xalaların gözəldir.

Hamımız sevəcəyik,

Səni olduğun kimi.

Olmaq istədiyin şeylər,

Yaxşı şeylər olacaq.

Anan, atan yanında,

Sənə dəstək olacaq.

Doğulmamış körpəmsən,

Qız da, oğlan da olsan,

Sən mənim şahzadəmsən.

Bu şeirdə varsan sən,

Şeirimin bətnində.

Bu şeirdə sevdiyim,

Adam da var, ey körpəm.

Bəlkə bir yuxu kimi,

Çin edər şeirimi.

Allaha sığınmışam,

Bəlkə duyar səsimi.

Günlərin gözəl günü,

Ömrümün özəl günü.

Bəlkə bir gün bu şair,

Şeir yazar, xoşbəxtliyə dair.

Arzumun arzususan,

mənim xəyali körpəm.

Atana de tez gəlsin,

Sizi çox özləyirəm...

ŞEİR DOĞULMASAYDIM

Bu dünyanın şanını,

Həyatın ad sanını.

Kamını, nakamını,

Tanıyır bu ruh, bu qəlb.

Yazılmalıdır əlbət,

Amma xəlvət.

Şeirlərin içində,

Hərəsi bir biçimdə.

Çoxdan ölərdim,

Yoxdan ölərdim,

Hər şeyin başından...

Boynumda daşlarımdan

Asardım özümü,

Atardım özümü,

Şair olmasaydım.

Bəlkə də...

Şeir doğulmasaydım,

Şair olmazdım.

SEVGİM

Sənsiz yaşaya bilmərəm,

Ordakı sənsizi, sən bilmə.

Hər şeyimsən deyənə,

Hər şeyini vermə.

Gülmə,

Dediklərimə gülmə.

Mən gerçəyi deyirəm.

Sevirəm...

Bir dəli olaraq,

Dəli kimi sevirəm.

Çilik-çiliyəm...

Hər yaxşıya deyilən,

Sözlər yük imiş.

Bir keçəl başında,

Lazımsız tük imiş,

Sevgim.

Hazırladı Isa Ravan