Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

25 Avqust 2021 12:25
Bəyəndim (4) Bəyənmədim (0)

Hüseyn Mulim

SONUNCU GÜNÜN ŞEİRİ

Yaşamlar əziyyət, ölümlər gözəl,

Torpağın qoynuna gedib, dincələm.

Əlvida hecalar, əlvida qəzəl,

Əlvida vərəqlər, əlvida qələm.

***

Dünya öz kürəyin söykədi mənə,

Özümdən getməkdən, özüm qalmadı.

Bu qədər sözlərin içərisində,

Daha yazmağa da sözüm qalmadı.

***

Kitablar inancın təvaf yeridi,

Dolanıb başına, əhd eləyirəm.

Yazmağım çoxunu dəyişdirmədi,

İndi danışmağa cəhd eləyirəm.

MƏNİ ƏSLA UNUTMA

Məni əsla unutma,

Dərd-qəmini hər dəfə,

Sükutla bölüşəndə.

Hər axşam xəyalında,

Mənimlə görüşəndə,

Məni əsla unutma.

***

Qışın oğlan çağında,

Həyətə qar yağanda.

Hər dəfə nifrət dolu,

Gözlərinlə göz ucu,

Pəncərədən baxanda,

Məni əsla unutma.

***

Məni əsla unutma,

Sifətin qırışanda.

Belin də büküləndə,

Torpaqla danışanda.

Qəlb evin söküləndə,

Məni əsla unutma.

***

Yaşamın tərs olanda,

Bütün yanlışlıqların,

Səninçün dərs olanda,

Məni əsla unutma.

***

Unutma deyirəmsə,

Deməli, əməl eylə.

Məni əsla unutma,

Məni əsla unutma...

GƏLMİRSƏN, GÖZLƏMİRƏM!

Səndən gözüm su içmir,

Gələnə oxşamırsan.

Ölüm-ölüm deyirsən,

Ölənə oxşamırsan.

***

Ömür payız yaşayır,

Sətirlərim bahardı.

Sən gedəndən gülüşü,

Soyuq külək apardı.

***

Şaxta vurdu ömrümü,

Qışa, borana düşdüm.

Hamı mənə yetəndə,

Mən kədərə yetişdim.

***

Uzun sözün qısası,

Gəlmirsən, gözləmirəm.

Daha nə sıxılmıram,

Nədə ki, özləmirəm!

Nuranə Təbriz

DAŞ

Varlığımdan uzağa atmışdım illər öncə,

Dönüb düşdü ovcuma, bəxtimə bükdüyüm daş.

Çıxarmışdı özümü insanlıqdan az qala,

İnsan bilib dizinin dibində çökdüyüm daş.

***

Söz yazdım, nəğmə qoşdum qəlbimdəki xallara,

Oldum qəmin dustağı, düşdüm qeylü-qallara.

Bilirdim ki, yaramaz, qurduğum xəyallara,

Ömrümün illərindən uçurub sökdüyüm daş.

***

Dünya da baqi deyil, Nuranə, kim qalacaq?

Neçə min yol boşalıb, neçə min yol dolacaq.

Bəlkə də məndən sonra, məndən əziz olacaq,

Torpaq altda yatanda, üstümə çəkdiyim daş.

DÜŞÜNCƏLƏR

Elə alışasan gördüklərinə,

İkili sifətlər qərib gəlməyə.

“Soyuq təbəssümə” qaçan adamlar,

İsti göz yaşını görüb, gəlməyə.

***

Keçməz boğazından bir udum su da,

Bir söz sümüyündən keçdiyi üçün.

Tanrı hədəfini dəyişməz daha,

“Sevimli bəndəsin” seçdiyi üçün.

***

Gedəsən ümidin çiliklərindən,

Getdiyin yoldakı izin danışa.

Bir soyuq yuvanı isitmək üçün,

Yanasan, yanasan, közün danışa...

***

Sonra öz tüstündə havan çatmaya,

Dərdiyin hər nəfəs də zülmün ola.

Xəstə ürəyini ovcunda tutub,

Sıxasan əlindən ölümün ola.

UZAQ GƏZMƏRƏM

Körpə yaşlarımdan qayğı içində,

Görmüşəm hər cürə yox, böyümüşəm.

Halallıq və qürur bərkidib məni,

Səfalət içində tox böyümüşəm.

***

Üzü ağ bəndəyəm, alnım açıqdır,

Çünki Allah durur başımın üstə.

Bəlkə də bir az da gec doğulmuşam,

Yaşım on-on gəlir yaşımın üstə.

***

Mən quru vədlərə inanmamışam,

Qaçmışam xeyrini güdən adamdan.

“Ağladan yanında otur” - deyiblər,

Qorxmuşam üzümə gülən adamdan.

***

Cahillər ruhumu şübhəyə salmaz,

Çiçəkli bağçada sazaq gəzmərəm.

Min ağac uzağam nadan adamdan,

Arif adamlardan uzaq gəzmərəm.

Hazırladı :İsa Ravan