Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

18 Avqust 11:55
883
Bəyəndim (2) Bəyənmədim (0)

Nüsrət Həsən

SƏNİ UNUTMAQ GƏRƏK

Deyirsən, məni anlat, mənə məndən şeir yaz,

Gözəlliyin bir sözə, bir şeirə sığışmaz.

Səndən kitab da yazsam, ah, yenə də azdır, az...

Sən mənalı ömürsən, səni yaşamaq gərək,

Başdan-ayağa sirsən, səni yaşamaq gərək.

***

Sən sonuncu ümidsən, yoxluğun ölüm demək,

Qarşılıqsız sevgisən, varlığın zülm demək.

Sən o qədər gözəlsən, istərdim gülüm demək,

Başqa bağda çiçəksən, səni üzməmək gərək,

Göydən enmiş mələksən, səni üzməmək gərək.

***

Qəm acıdı, sevincin dadınısa bilmirəm,

Dilimin ucundasan, adınısa bilmirəm.

Sən hansı bəxtəvərin qadınısan, bilmirəm,

Əl çatmayan arzusan, səni unutmaq gərək,

Vaxtsız gələn duyğusan, səni unutmaq gərək...

SƏNİ XATIRLADIR

Ayırmaq asandır cismini məndən,

Bacarsan ruhunu ruhumdan ayır.

Unut söyləyirsən, getdiyin gündən,

Sən unut deməklə unudulmayır.

***

Səni xatırladır aldığım nəfəs,

Sevgin damarımda, qanımda axır.

Yaşamaq mənasız, yaşamaq əbəs,

Ürəyim sıxılır, canım darıxır.

***

Səni xatırladır ən qızmar Günəş,

Səni pıçıldayır gecələr ay da.

Səni xatırladır hər sel, hər yağış,

Belə darıxmaqdan mənə nə fayda?!

***

Səni xatırladır bəstələr, notlar,

Qonşu binadakı piano səsi.

Səni xatırladır çəmənlər, otlar,

Bir də ki, Xəzərin sakit ləpəsi.

***

Səni xatırladır... ah, nələr, nələr,

Roman kitabları, Bakı metrosu...

Səni xatırladır bu xatirələr,

Bir də sinəmdəki ürək ağrısı.

VAR

Bu nə cürə dünyadır,

Ağlayan var, gülən var.

Qəhvələrdə əylənən,

Cəbhələrdə ölən var.

***

Fərqi yox namərd üçün,

Vətən yalnız mərd üçün.

Döyüşməyi yurd üçün,

Namus borcu bilən var.

***

Hamının şirin canı,

Batmasın şəhid qanı.

Əcəllə bir meydanı,

Bir səngəri bölən var.

***

Ucalsın deyə bayraq,

Öz qəlbinə çəkdi dağ.

Aç qapını qara torpaq,

Yenə vaxtsız gələn var!

Gülnarə İsrafil

GEDƏN PAYIZ GƏLƏN İLƏ EYNİDİR

Bu payızın küləyinə qarışdım,
Yağışı da, küləyi də sərindi.
Bu həyatın yolu, dərdi ayrıdı,
Bu həyatın ələyi də dərindi.

***

Qarsaladı, təndirində bişdi can,
Yağış yağdı, qaysağını qopardı.
İşlərindən başım çıxmır, qardaşım,
Xəstə qaldı, sağlamını apardı.

***

Aləmində, aləm sirli, gün sirli,
Cəld taleyin maymağından yapışdım.
Hamı getdi öz işinin dalınca,
Yerimdəcə saymağıma çalışdım.

***

Qara saça, ağ rəng verib süslədim,
Ürəyimdə dərd böyüdüb, ev etdim.
Sevinəndə kiçik şeyə sevindim,
Qəmlənəndə qarışqanı div etdim.

***

Gedən payız gələn ilə eynidir,
Gecələrin gündüzüdür qaranlıq.
Bu həyatın bəlkə, özü bir yuxu?!
Bu həyatın könlü, gözü o yanlıq.

DÜNYANIN SEHİRLİ MİFİ ÖZÜMƏM

Xırlı həyətimtək bir çubuq yeri,
Evim zəlzələsiz başıma uçmuş.
Yaz güclə özümü girələmişdim,
Qış torpaq tökülüb, daşına uçmuş.

***

Payıza elə bil, sapand atmışam,
Qorxudan, hürküdən bənizi solmuş.
Göydən damcı düşüb bulud ucunda,
Böyüyüb o boyda dənizi boğmuş.

***

Başımı gizlədən kərtmə evim yox,
Bu qış üşüdəcək samanlıq məni.
İlin quraqlığı, yayı bitdisə,
Yağanlıq edəcək yavanlıq məni.

XOCALIDA UŞAQ DOĞULMADI

Xocalıda uşaq doğulmadı,

Afrikada doğulan uşaqların ümidi,

bir heç uğuruna öldürüldü.

Biz, Xocalı doğulduq,

Kərkük böyüdük,

İrəvan qocaldıq.

Urmiya qurudulub,

Təbriz soyulduq.

Hər yüz ildən bir Pyoturun layihəsinə,

iyirmi faiz silindik.

Ləkəli əllər mamır bağladı,

Ağdam, Şuşa boyda.

Zəngəzur toxumlayıb,

Dərbənd saraldıq.

Şəmistan marş oxudu,

Bacımla sarılıb bir-birimizə,

uşaqlığımızı ağladıq.

Kəlbəcər saçaqladı kökümüz.

Dastanlar yazdıq, şeirlər qoşduq,

oxuyub susduq.

At belində kiridi döyüşlərimiz.

Əsir qadınlarımız kainata döndü,

Xilas ola bilmədik...

Min illərin yaddaşı üzümüzün

gülüşündə ağrıdı.

Bizi insanlığın çarmıxında uyutdular.

Hər şey bitdi,

Biz bitmədik...

Misir piramidalarında

sızıldadı sümüklər.

Hələbdə qətl etdik insanlığı...

Xocalıda uşaq doğulmadı.

Hazırladı: Isa Ravan