Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

12 Avqust 06:25
981
Bəyəndim (0) Bəyənmədim (0)

Səbuhi Hacıxanlı

GƏNCLİYİM

Həsrətin vuranda başıma hərdən,

Gözlərim az qala dolur qəhərdən.

Bir sual boylanır xatirələrdən,

Kim bu ayrılığı saldı, gəncliyim?

***

Ömür ötüb keçdi, tamaşa kimi,

Nələr yaşamadım bu yaşa kimi.

Tez açıb, tez solan bənövşə kimi,

Ətrin məni məndən aldı, gəncliyim.

***

O vaxt günlərimiz nağıl olubdur,

Nə səndə, nə məndə ağıl olubdur.

Daha Səbuhi də fağır olubdur,

Dadın damağımda qaldı, gəncliyim.

QARASAÇLI QIZ

Tələsmə, səbir elə, qarasaçlı qız,

Sən də saraldarsan saçını, sən də.

Qara gözlərinin rəngi dəyişməz,

Saçını rəngləsən, rəngləməsən də.

***

Səni özün kimi yaratdı Allah,

Bu da təbiətin özəlliyidir.

Təbii oturmaq, təbii durmaq,

İnsanın ən böyük gözəlliyidir.

***

Dön bax dünəninə, dön bax nənənə,

Onun ismətitək ismət olmayıb.

Dünyanı aldatmaq nəinki sənə,

Dünyada heç kəsə qismət olmayıb.

NƏ FƏRQİ

Mən getmə demədim, gedən dostlara,

Həsrəti sinəmi didən dostlara.

Dostluqdan mənfəət güdən dostlara,

Desəm qal nə fərqi, qalma nə fərqi?

***

Getdilər şirin bir yalana dönüb,

Nə deyim, ayrılıq salana dönüb.

Sonra da gülərüz ilana dönüb,

Çal da ürəyimi, çalma nə fərqi?

***

Mənim ki, hər işim zillətdən keçib,

Bu dərd, möhnət mənə millətdən keçib.

Fələk, daha nazdan, minnətdən keçib,

İndi al canımı, alma nə fərqi?

Şəlalə Adilqızı

EŞQİMİ

Sus!

El aləm deyil,

Əlli aləm deyil.

Bircə sən bil,

sənə olan

Eşqimi.

***

ÜZGÜNƏM

Sənə rəğmən,

sevdim səni.

Hər şeyə rəğmən,

aldatdın məni.

Üzgünəm!

Səni gözəl sevdiyim üçün,

Allahdan üzr istəyirəm.

DƏRD YÜKÜ

Bəmbəyaz saçlar,

Hər dəsti bir ağ yoldu.

Hərəsi bir dərd yolunda,

ağardı, uzandı.

Bəmbəyaz saçlar,

Hərəsinin bir acı xatirəsi var.

Dərd çoxaldıqca,

Saç ağarar,

Göz ağarar.

Hazırladı:Isa Ravan