Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

5 Avqust 2021 06:07
Bəyəndim (18) Bəyənmədim (0)

Qoşqar Tərlan

ATA, ANA

Tanrı valideyni edib bəşərdə,

Ən ümdə, ən ali məqam sahibi.

Ata bir dağdırsa, ucadan uca,

Ana bir dəryadır, görünməz dibi.

***

Ana kainatda o kəs sayılır,

Tay olmaz bəşərdə həmən qadına.

Ata bir ağacdır, meyvəsi yoxsa,

Kölgəsi bəs edər övladlarına.

***

Məzluma lağ edir elə bil, dünya,

Deyir ki, hər kəsdə hüquq bərabər.

Bu sanki atası itən uşağa:

“Atandan nə xəbər?” deməyə bənzər.

***

Atasız bir uşaq yetim olarkən,

Anasız bir uşaq aciz olarmış.

Kim anlar onların yaralı yeri,

Üç hərfdən ibarət bir söz olarmış?!

EHTİYACIM VAR

Oturub təklikdə salmışam ətək,

Qəlbim də köksümə sığışmır indi.

Küçədə oynayan nadinc körpətək,

Gözüm də yollardan yığışmır indi.

***

Qorxuram ki, təslim ola hisslərim,

Hansısa pessimist, zəif duyğuya.

Kiçik bir qığılcım, ümid bəs eylər,

And ola anamın içdiyi suya.

***

Mənim də bəs qədər ağrım, acım var,

Yox, yox, asmayıram gözündən pərdə.

Darıxsan zəng elə, ehtiyacım var,

Adamın adama işi düşər də...

ŞEİR ÖMRÜM

Fərqlənmir qədəri indi ömrümün,

Hansısa yarımçıq qalan şeirdən.

Axı kim gətirsin arzularımı,

Bütün yarpaqların getdiyi yerdən?

***

Sərçənin qurduğu yuvaya bənzər,

Qalaq-qalaq topladığım təsəlli.

Yapışmışam Tanrının ətəyindən,

Dəymədüşər ümidlə iki əlli.

***

Zamanla vəhdətin müqabilində,

Sağalmaz olaraq qalır yaralar.

Qollarım ayrılır bədəndən, sanki,

Adaya çevrilir yarımadalar.

***

Bu payız həyatın paralelində,

Uzunsaç qız edə ifa piano.

Gərək yox yazmağa, uzun-uzadı,

Görəndir, biləndir, eşidəndir o!

Kifayət Məmmədova

DÜYNADA ƏN GÜCLÜ BİZİM ORDUMUZ!

Ulu Öndərimizin vəsiyyətilə,

Ali Baş Komandanın siyasətilə.

Poladtək əyilməz iradənizlə,

Böyük qələbəyə imza atdınız,

Var olun qeyrətli, Şanlı Ordumuz!

***

Dünyaya səs salıb şöhrətin, şanın,

Döyüş meydanında əzmkarlığın.

Şuşa qalasına zəfər bayrağın,

Qanıyla, canıyla sancan ordumuz,

Dünyada ən güclü bizim ordumuz!

***

Ölümün gözünə dik baxa-baxa,

Düşməni məhv edib, diz çökdürdünüz.

Zalım qəlpəsinə tuş gəlsəniz də,

Döyüş meydanını tərk etmədiniz,

Bizə qürur verir əzəmətiniz!

***

Böyük şücaətlə tarix yazdınız,

Mübarizlər, Xudayarlar ordusu!

Zəfərlə düşmənin bağrın yardınız,

Güclü, iradəli, qorxmaz oldunuz,

Sizinlə fəxr edir gözəl yurdumuz!

***

Bayraq, Vətən adın uca tutdunuz,

Dastanlar üstünə dastan yazdınız!

Var olun qeyrətli, şanlı ordumuz!

Duysun bütün cahan, eşitsin dünya,

Ən güclü ordudur, bizim ordumuz!

YAŞA AZƏRBAYCANIM!

Mənim canımsan, canım!

Əziz, doğma məkanım.

Səni biz çox sevirik,

Yaşa Azərbaycanım!

***

Odlar yurdu Vətənim

Sənə qurbandır canım.

Dünyaya səs salıbdır,

Qalib Azərbaycanım!

Hazırladı : İsa Rəvan

--
Isa Ravan