ÖMÜR PAYI

ÖMÜR PAYI

17 İyul 06:47
1 800
Bəyəndim (7) Bəyənmədim (0)

(2 ay 4 günlük qısa hərbi həyatı yaşayan şəhid Xəyyam Daşdəmirova həsr olunur)

1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəsə əsasən hərbi əməliyyatlar başa çatdı. Bu atəşkəs rejimi sözdə ikinci Qarabağ müharibəsinə qədər davam etdi. Ancaq bu müddət ərzində mənfur qonşularımızın dəfələrlə atəşkəsi pozması nəticəsində nə qədər şəhidlərimiz, qazilərimiz oldu. Neçə ocaqlar söndü, neçə ana oğulsuz, ailələr başsız, uşaqlar atasız qaldı. Avqust döyüşlərində (2014), Aprel Döyüşlərində (2016) və 2020-ci ilin iyul döyüşlərində qanları ilə tarix yazan, özləri tarixə dönən şəhidlərimiz çox oldu. Neçə-neçə igid oğullar canlarından keçərək, ölümləri ilə ölümsüzlük qazanıb şəhidlik mərtəbəsinə ucaldı.

Belə oğullardan biri də 22 fevral 2002-ci ildə İsmayıllı rayonun Balik kəndində anadan olan Xəyyam Məhəmməd Oğlu Daşdəmirovdur. Xəyyam Daşdəmirov 1-ci sinfi anadan olduğu kəndə oxuyub, sonra Bakıya köçərək, Biləcəridə orta məktəbdə təhsilini başa vurur. 2020-ci ilin mayın 8-i Xəyyam Daşdəmirov Vətən sevgisi ilə, qələbə arzusuyla hərbi xidmətə yollanır. Tovuz rayonu ərazisində Vətənin keşiyində dayanır. Hərbi həyatı da ömrü kimi qısa olur. Xəyyam 2 ay 4 günlük Vətənə xidmətini qələbə arzusu ilə birlikdə yoldaşlarına əmanət edib özü şəhadətə yetişdi. 12 İyul 2020-ci il tarixində Tovuz istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksələn 12 şəhiddən 1-i oldu. Qısa hərbi həyatından, qısa ömür yolundan geridə qalan isə unudulmaz xatirələri, adını əbədi qəlblərə həkk etməsi oldu.

Şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov 4 il Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Amma şəhidlik oğluna qismət oldu.

Həyat bağçasında vaxtsız soldu Xəyyam. Vətən borcunu layiqincə yerinə yetirərkən, əbədiyyət adlı dağı aşdı, şəhidlik zirvəsinə ucaldı. 18 yaşlı şəhidimiz Xəyyam Daşdəmirovun qönçələnmiş arzuları şaxta vuran bahar çiçəyinə döndü. 18 illik ömründə 2 ay 4 günlük hərbi həyatı yaşadı. Şəhidimiz doğulduğu İsmayıllının Balik kəndində torpağa tapşırıldı. Bütün ümidləri heç olan şəhid anası Vüsalə Daşdəmirovanın fəryadı göyə ucaldı, ürəyinə bala dağı çəkildi, gözü yollarda qaldı.

Nə desəm, nə yazsam şəhid analarının qəlbini ovutmaz. Xəyyam kimi nakam şəhidlərin ruhu qarşısında baş əyirik. Məqamın uca olsun, şəhidim!

27 sentyabr 2020-ci il tarixində əks hücum əməliyyatı nəticəsində ikinci Qarabağ müharibəsinin başlaması və işğalda olan torpaqların azad olunması, həm də Xəyyam kimi şəhidlərimizin qisas məqamı idi. Uğurunda qan tökdükləriniz torpaqlar geri alındı, zəfər sevincini yaşadan igid oğullar sizlərin qanını yerdə qoymadı.

Bu günlərdə şəhidimizin ildönümü qeyd olundu. Düz bir il bundan əvvəl bu 12 şəhid qələbəyə gedən yolun təməlini qoydular.

Allah cəmi Vətən uğrunda candan keçən şəhidlərimizin ruhunu şad eləsin!

Hazırladı : Aynurə İnci