Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

13 İyul 06:34
1 492
Bəyəndim (0) Bəyənmədim (0)

Vasif Zöhraboğlu

BİLMƏZSƏN

Bilməzsən gözümün yuxusuzluğu,

İndi yatağıma xəyanət olub.

Daha ayrılığın qorxusuzluğu,

Səni unutmağa cəsarət olub.

***

Bilməzsən ağrımı nələr kiridir,

Kölgəni yığıram ağ pərdələrdən.

Hər gün qoşalaşıb intihar edir,

Gözlərim asılıb pəncərələrdən.

***

Bilməzsən ürəyi ovutmaq olmur,

Ömrün tufanından, qasırğasından.

Daha bir qadını yaratmaq olmur,

Bir tənha kişinin qabırğasından.

***

Bilməzsən bu ömrün nəyi, nəsi var,

Gəl məni, sor məni dərd aşığından.

Nə yaxşı evlərin pəncərəsi var,

Yoxsa üşüyərdim gün işığından...

YUXU

Sual var ki, vahimədir, qorxudur,

Bu dünyaya axı niyə gəlmisən?

Ömür nədir, bir nəfəslik yuxudur,

Oyanırsan, görürsən ki, ölmüsən.

***

Fikir-fikir göy üzünə uçmaqmış,

Düşüncənin dərin olan tərəfi.

Öz bəxtindən gizlənməkmiş, qaçmaqmış,

Yuxuların şirin olan tərəfi.

***

Yuxudurmu Tanrımızın özü də,

Göy üzünə Yeri çəkə biləydik.

Saat kimi yaradardı bizi də,

Darıxanda geri çəkə biləydik.

***

Yuxu yozduq, dilə tutduq suyu da,

Arzuları bənd-bənd hörə bilirik.

Gözəl Tanrım, nə yaxşı ki, yuxuda,

Nə yaxşı ki, yuxu görə bilirik.

***

“Niyə”lərin, “axı”ların içində,

Yenə sabah oyanırıq, gün çıxır.

Milyon-milyon yuxuların içində,

Təkcə ölüm yuxumuzdan çin çıxır.

GÖZ YAŞIMI YAĞIŞ BİLƏR TORPAQLAR

Saçlarını ovuc-ovuc qoxlaram,

Dodaqların gülüş-gülüş yarpaqlar.

Mən durmadan sənin üçün ağlaram,

Göz yaşımı yağış bilər torpaqlar.

***

Doğmalıqdı, doğmalığı qan çəkər,

Sən darıxsan ruhum burda can çəkər.

Tellərini göz üstündən yan çəkər,

Uzun-uzun daraqdişli barmaqlar.

***

Sənsiz bu tərs Beyrək olar, biləsən,

Dərdim qanlı köynək olar, biləsən.

Burnum ucu göynək olar, biləsən.

Dodaqlarım uçuq tutar, qorxaqlar.

***

Yolum düşməz nə ağadan, nə quldan,

Mən ki, həyat yaratmışam nağıldan.

Sevənlərin işi keçməz ağıldan,

Gözəllikdə dəli olar, sarsaqlar.

***

Saçlarını ovuc-ovuc qoxlaram,

Dodaqların gülüş-gülüş yarpaqlar.

Mən durmadan sənin üçün ağlaram,

Göz yaşımı yağış bilər torpaqlar...

Xəyalə Sevil

ÜÇÜNDÜR

Güzgülər üzünə baxıb,

Özündən küsmək üçündür.

Xatirələr ayrılığa,

Dayanmaq, dözmək üçündür.

***

Gözünün batmış çuxuru,

Kuzədir-süzmək üçündür.

Boynuna dolanan kəndir,

Boynunu üzmək üçündür.

***

Əsmək üçündür küləklər,

Yağışlar kəsmək üçündür.

Həyat yaşamaqçün deyil,

Nə vaxtsa bezmək üçündür.

AYRILIQ VAR

Qarşıda ayrılıq var,

Qurunun oduna

Yaş yanır indi,

Su vurmuşam

Ürəyimin üzünə,

Oyanır indi.

Oyanır canımdakı

Şübhələr, ehtimallar,

Bu mənəm, bu boş masa,

Bu bir yığın suallar...

Fikrim tamam dağılıb,

Fikrim küləyə düşüb.

Ağlıma ən sonuncu,

Ən təzə qayə düşüb.

Axıb gedir hisslərim,

Ürəyimdə qırıq var.

Qarşıda ayrılıq var...

ÜRƏYİM ÇARPAYINDI

Ürəyim çarpayındı,

Günəş üzün çevirəndə

Yerə kölgəsi düşür.

O kölgədir gecələr...

Bu gecə də

Səni əzbərləyirəm,

Dodağımda hecalar.

Təkrar, təkrar sevirəm,

Mən heç səni unutmağa

Cəhd etmədim.

Tanrı məni eşidirdi o vaxtlar,

Əhd etmədim.

Dünyanın işinə

Çox fikir vermə,

Dünya da bir

Oyuncaqdır, oyundu.

Başını qoy, gözünü yum,

Rahat yat.

Ürəyim çarpayındı.