Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

1 İyul 09:56
992
Bəyəndim (0) Bəyənmədim (0)

Samir Adil

SƏNLİ YOLLARIM

Səndən istəyirəm, səndən umuram,

Uzaqdır bu yolun axırı mənə.

Sənin gözlərindən ümidlər yağır,

Anamın gözündən qan damır mənə.

***

Əllərim uzanar, yolum uzanar,

Mən sənə gələrəm özümdən keçib.

Mən sənə gələrəm, bu adamların,

Ovcumu yandıran közündən keçib.

***

Çevrilər çiynimdə yükə ağrılar,

Dizlərim titrədər yorğunluğumu.

Devrilər dilimə, dönər dualar,

Üzümə dəyəndə öpüş toxumu.

SƏNDƏN BAŞQA

Sən məni görmürsən, bilmirsən nədir?

Mənim gəlişimə göz bağlayırsan.

Üfürüb yaramın yanan yerinə,

Sirr dolu bir kitab söz bağlayırsan.

***

Üzün turşumasın, üzün dönməsin,

Mənim səndən başqa vətənim yoxdur.

Bu yer kürəsinin üzü dönməsin,

Gedənim en qədər, gələnim yoxdur.

***

İndi yolum səndən keçir bir başa,

İzim yerdə qalır, fikrim səndə.

Əziz Maqdalena, aç qollarını,

Gəlirəm çarmıxa çəkilim səndə.

***

Bu nə aralıqdı, bu nə ölümdü?

Solumda təslim var, sağımda ağrı.

Kimsə qulağıma qəhqəhə çəkir,

“Tanrıya çəkilir çarmıxın oğlu”.

ALLAH

Ayağıma dəyən daşın,

Neçə yaşı var, Allah?

Hələ məni incidən,

Neçə daşın var, Allah?

***

Bu ağacın kökündən,

Başına yollar gedir.

Sənə doğru uzanan,

Meyvəli qollar gedir.

***

Buludların içində,

Nə dualar gizlənib.

İblisin qapısında,

Nə qıfıllar bizlənib.

***

Dayanma səssiz, Allah,

Səsimə bir səs yetir.

Sənin səbrin en qədər,

Mənim ömrümdən gedir.

***

Saxla məni bu yerdə,

Saxla məni, çatmışam.

Sən məni yaratmısan,

Mən səni yaratmışam.

***

Hansıdı, hardan bilim,

Mən nə daş ola bildim.

Nə ağac qala bildim...

Nə mən həmin Allaham,

Nə sən adamsan, Allah!

Anlayarsan, bilirəm,

Bilirəm, anlayarsan.

Gün Ay Ümid

YUXU YOZUMU

Yaman solaxaydı ürək ağrısı,

Sancısı şeirdən tutub yeridi.

Taleyi ovucdan oxuyan şair,

Əllərim bir ovuc sığal yeridi.

***

İçimdə bu soyuq nədir, donuram,

Yaman üşüyürəm ürək əsəndə.

Daha dindirmirəm xəyallarımı,

Dilimi kəsmişəm, kəlmə kəsəndə.

***

Duamın əlləri göyə uzanıb,

Hey dartır Tanrının ətəyin yerə.

Bir şeir canı var ağrılarımın,

Çəkmişəm qələmin tətiyin yenə.

***

Elə yorulmuşam, bu yolsuzluğum,

Yerisəm, bir addım zamandı, şair.

Dərd təzə dəmləyib göz yaşlarımı,

Gəl içək, soyutma, amandı, şair.

ATILMIŞ QUŞ YUVALARI

İnsanların atıb getdiyi,

ümidsizlikdə daşlaşar ürəklər...

Quşların atıb getdiyi yuvalarda,

üşüyər lələklər...

Küləklər oynayar,

o lələyin nə vaxtsa

qanad olmaq həsrətiylə.

Xəyalları getdiyi yerə,

ayaqlarının getmədiyini

seyr edər qocalığı.

Kip bağlanmış pəncərələrin,

“sus payı”dır dustaq etdiyi talelər.

Eynəyini gozünə örtüb,

özünü qırışlarının arasında axtarar...

Hər gün ağarmış saçları,

tikanlı məftilə dönüb,

pozar ovuclarının xəritəsini.

Əsən əllərinin,

bir fərqi olmaz yarpaqdan.

Hər gecə həyat ironiyayla,

dişlərini qıcıyar

stəkandakı qalpaqdan.

Gözlərinin kökündə saralanda günəş,

üzü məzarlığa sarı uçar quş karvani.

Dimdiklərində daşlaşmış ürəklər,

çiyinlərində

qanad olmaq həsrətli lələklər...

ODUNÇU

Gecənin ayaq səsləri,

Qara-qara döşənir,

Yerin qulağına.

Bir külək üşüyür,

Bu səsin sorağına.

Bu ağac yenə də,

qamətindən asdığı

ruzigarı yelləyir,

beşik budaqlarında.

Dizləri qabıq- qabıq çatlamış,

İllər yorğunudur bu ağac.

Ona torpaqda da uzanmaq yasaq.

Bu odunçu axır ki,

Dizlərini bükdü ağacın,

Alov-alov uzanıb uyudu ağac.

Tüstüsündə gecə boğuldu,

İstisinə şeir doğuldu...

Küləksə, ulaya-ulaya

beşiyini axtardı,

axtardı, axtardı...

O ağacın tüstüsünü çəkib ciyərlərinə

yuva oldu beşiyinə.

Tanrının dizlərinə qoyub başını,

Elə bərkdən susdu ki.

Bu sükutun səsində,

Allah da susdu...

--
Isa Ravan