Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

27 May 2021 10:32
Bəyəndim (3) Bəyənmədim (0)

Vüqar Xəzan

TƏNHA QADIN

Vəfalı dostlartək etibarlı qəm,

Qəmini qəlbində saxlayır qadın.

Dərdini bölməyir ömürlük həmdəm,

İçində sızlayır, ağlayır qadın.

***

Baxımsız saçları ələ gəlməyir,

Körpətək danışmır, dinə bilməyir.

Ümidi can verir, qəmi ölməyir,

Yanan ürəyini dağlayır qadın.

***

Dodağı titrəkdir, gözləri yaşlı,

Siması cavandır, həyatı yaşlı.

Ruhu tükənibdi, yorğun baxışlı,

Yas tutub örpəyi bağlayır qadın.

***

Sevgiyə tamarzı, möhtac kimidir,

Əlində qırılan əhtac kimidir.

Uca bir zirvədə yamac kimidir,

Soyuq baxışlarla çağlayır qadın.

***

Vəfalı dostlartək etibarlı qəm,

Qəmini qəlbində saxlayır qadın.

Dərdini bölməyir ömürlük həmdəm,

İçində sızlayır, ağlayır qadın.

GÖRÜNÜR

Nə üçün gözlərin qəmli görünür?

Qəmlilik heç kimə xeyir gətirmir.

Elə bil səhrada ilan sürünür,

Susamış birinə suyu yetirmir.

***

Üzündə cizgilər kədərli əsər,

Saçların küləkdir, gecələr əsər.

Dilin şaxtadırsa, sözümü kəsər,

Qoyduğun nöqtələr cümlə bitirmir.

***

Yağışlı ömrümə çətir bilirdim,

Yazan qələmimə sətir bilirdim.

Qoxulu gül idin, ətir bilirdim,

Daha o bağçalar gülü bitirmir.

***

Düşünmə əvvəlki ssenari ola,

Mənsiz çox baxarsan getdiyin yola.

Baxarsan gah sağa, gah da kı, sola,

Mən olan yerlərə səni götürmür.

TARIN SƏSİ

Gəlir qulağıma sədası tarın,

Çoxdandır həsrətəm yarın səsinə.

Düşüb təsirinə puç arzuların,

Göy üzü ağlayır tarın səsinə.

***

Həzin musiqidə notlar düzülür,

Göz yaşım yanaqdan tək-tək süzülür.

Səbir elə deməkdən ürək üzülür,

Göy özü ağlayır tarın səsinə.

***

Bir gözün ağlayır, bir gözün gülür,

Bir sevinc güləndə, bir hüzn gülür.

Bir üzün səbir edir, bir üzün gülür,

Göy üzü ağlayır tarın səsinə.

***

Tar dilə gəlibdi, tar fəryad edir,

Dərdimin əlindən sanki dad edir.

Mizrabı elə bil yarı yad edir,

Göy özü ağlayır tarın səsinə.

***

Xəbər göndərəydim yara buluddan,

Bir nişanə gəlir tara buluddan.

Narın yağış yağır qara buluddan,

Göy üzü ağlayır tarın səsinə.

Səbuhə Hüseynova

MƏNİ DƏ APAR

Getdiyin yerlərə məni də apar,

Könül bağçasına, gülüstanlığa.

Ağac kölgəsinə, göl kənarına,

Nə olar, baxmağa məni də apar.

***

Məhəbbət yurduna, eşq ocağına,

Bir sevgi bağının seyrangahına.

Qoşa bülbüllərin xoş avazına,

Nə olar, baxmağa məni də apar.

***

Axan şəlalənin xoş sədasına,

Çağlayan bulağın həsrət səsinə.

Ceyranın, cüyürüm mələşməsinə,

Nə olar, baxmağa məni də apar.

***

Payızda quşların köç etməsinə,

Durna qatarının səf etməsinə.

Qurduğu yuvanı tərk etməsinə,

Nə olar, baxmağa məni də apar.

***

Göylər guruldayıb lərzə gələndə,

Tufanlar, boranlar tüğyan edəndə.

Çaylar aşıb-daşıb gölə dönəndə,

Nə olar, baxmağa məni də apar.

***

Payızda ağaclar, güllər solanda,

Heyvalar saralıb, nar sovuşanda.

Qızıl payızın da vaxtı çatanda,

Nə olar, baxmağa məni də apar.

***

Qar altından bənövşələr çıxanda,

Nərgiz gülü xoş ətrini yayanda.

Yasəmənlər saçlarını yolanda,

Nə olar, baxmağa məni də apar.

***

Dağların başına qar ələnəndə,

Göy üzlü dumandan bəyaz olanda.

Çəmənlər buz tutub, çaylar donanda,

Nə olar, baxmağa məni də apar.

SEVGİNƏ QURBAN

Sənin ürəyinə, sevginə qurban,

Sevgilim söyləyən sözünə qurban.

Alovuna qurban, közünə qurban,

Neyləyim, səni mən sevirəm, ömrüm.

***

Sənin sözlərindən ilham almışam,

Gözümdən könlünə yollar salmışam.

Gecələr yatmayıb, hey ağlamışam,

Neyləyim, səni mən sevirəm, ömrüm.

***

Yaxşı ki, ömrümün çiçəyi sənsən,

Sevinci, kədəri, qəmi-qüssəsi.

Arxası, dayağı, köməyi sənsən,

Neyləyim, səni mən sevirəm, ömrüm.

***

Şükürlər edirəm ulu Tanrıya,

Salıb ürəyimə yar həsrətini.

Çəksəm də min cəfa, min bir əziyyət,

Neyləyim, səni mən sevirəm, ömrüm.

***

Verdim bir ömrü səhər yelinə,

Aparıb dəryaya atdı, neyləyim?

Ləpələr çırpsa da daşlara məni,

Neyləyim, səni mən sevirəm, ömrüm.

TÜRK TÜRKÜN DAYAĞIDIR

Türk türkün dayağı, arxası oldu,

Dünyaya, cahana meydan oxudu.

Toplaşdıq yurdumun ətrafına biz,

Kafirə, düşmənə aman vermədik.

***

Döyüşdən-döyüşə getdi igidlər,

Onca şəhid verdik yurdumuzda biz.

Poladlar, Vüqarlar, Mübarizlərim,

Daim yaşayacaq qəlblərimizdə.

***

Oğuz babamızın əmanətini,

Sahib çıxıb, qorudu ərənlərimiz.

Əlitək cəsuruq, haqq yolundayıq,

Qəza həp bizimdir, zəfər Allahın!

Hazırladı: İsa Rəvan