Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

25 May 2021 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Qəhrəman Kamiloğlu

ADİLƏŞDİ

Bu dünyaya pəncərə,

Ömrə film dedik biz.

Hər gün izlədiyimiz,

Bölüm də adiləşdi.

***

Heç nəyin dadı yoxdur,

Həyat adlı bu qabda.

Çəkdiyimiz əzab da,

Zülm də adiləşdi.

***

Öz payımız bitməmiş,

Özgə payından yedik.

Yetənə “gülü” dedik,

“Gülü” də adiləşdi.

***

Keçdim qədirbilməzin,

Yolunda oddan, közdən.

Tüstüm də düşdü gözdən,

Külüm də adiləşdi.

***

İnsanlıq ölə-ölə,

İnsanlar enir heçə.

Ölüm qalmışdı bircə,

Ölüm də adiləşdi.

YIXILDIM

Gözlərimin pəncərəsi qırıldı,

Bir baxışın közü üstə yıxıldım.

Başqa necə yıxılsaydım , ölərdim,

Nə yaxşı ki, gözü üstə yıxıldım!

***

Uşaq vaxtı yıxılmışdım, bilirdim,

Necə olur üzü üstə yıxılmaq,

Əli üstə, dizi üstə yıxılmaq.

Gözlərini görən kimi anladım,

Hələ varmış gözü üstə yıxılmaq!

***

Nə gözəlmiş gözün sevgi yanğısı,

Odur verən ürəklərə sərinlik.

Belə gözəl kim yansaydı, anası,

Qonşulara pay verərdi şirinlik.

***

Heç kim başa düşmədi ki, bu oddur,

Heç halıma ağlayan da olmadı!

Nə yaxşı ki, hamı birdən unutdu,

Məni yadda saxlayan da olmadı!

***

Nə tüstünü görən oldu, nə külü,

Köz beləcə alışdı da, söndü də.

Pəncərədən o gözlərə könüllü,

Gözüm üstə yıxılıram indi də!

YOLUXMA

Bir sevimli həkim ola,

Ürəyinə baxdırasan.

Sevgi axan yerlərini,

Bircə-bircə sıxdırasan.

***

O da, nəsə bacarmaya,

Sevgin ətrafa yayıla.

Çıxasan çölə, bayıra,

Hamını yoluxdurasan.

***

Qoy yoluxsun hamı bir-bir,

Bilsinlər ki, sevmək nədir.

Sənsə yenə öz sevgini,

Eləcə darıxdırasan.

Aysel Əliyeva

MƏNİM BU SEVGİM

Bahara döndərdi duyğularımı,

Üstünə sərmişəm könül varımı,

Şipşirin eləyib yuxularımı,

Kövrək bir nəğmədir mənim bu sevgim.

****

Hər gün sevincimin dodağı qaçır,

Duyğular sinəmdə gül-çiçək açır.

Elə bil ruhuma işıq, nur saçır,

Kövrək bir nəğmədir mənim bu sevgim.

****

Çiçəyə bürünüb yaylaqlar kimi,

Pıçıldayır körpə dodaqlar kimi.

Çağlayır dumduru bulaqlar kimi,

Kövrək bir nəğmədir mənim bu sevgim.

****

Oxu könlümdəki eşqin sətrini,

Daim uca tutdum onun xətrini.

Ayselin ruhuna səpib ətrini,

Kövrək bir nəğmədir mənim bu sevgim.

SEVİRƏM

İmkan olsa, tut kasıbın əlindən,

Çıxar onu dərdin, qəmin selindən.

Əyilib öp bir yetimin telindən,

İnsanların mürvətini sevirəm.

****

Can fələklə hər gün bəhsə-bəhsədir,

Əcəl yolda, qulaqlarım səsdədir.

Ümidlərim həyat adlı dərsdədir,

Mən taleyin qismətini sevirəm.

****

At oynadır zəmanənin soyuğu,

Solan deyil içimdəki bu duyğu.

Nənələrin mənə miras qoyduğu,

Abırını, ismətini sevirəm

****

Bir xoş sözlə, tənhaları dindirin,

Gözlərdəki dərdi, qəmi endirin.

Bu dünyanın möhnəti var, çox dərin,

Ürəklərin şəfqətini sevirəm.

****

Aysel, zaman ömrü, günü toxuyar,

Arzularım pərdə-pərdə oxuyar.

Ümidlərim zəfər ətri qoxuyar,

Doğma elin qeyrətini sevirəm.

HƏYAT

Duyğular sinəmdə iməkləyən gün,

Əllərim ümidi ətələyən gün.

Arzular gözümdə çiçəkləyən gün,

Bəxtimi gözündə çalıbdı həyat.

****

Fələyin bəxtimlə çoxdur davası,

Yaralı könlümün yoxdur dəvası.

Ruhuma əsəndə bahar havası,

Sevgimi əlimdən alıbdı həyat.

****

Min ah çiçəklədi bir arzu-kamda,

Qəfil çilikləndi arzu da, kam da.

Əllərim vüsala yetən məqamda,

Ayrılıq havası çalıbdı həyat.

****

Fələk taleyimdə dərdi yolları,

Gözümün yaşına sərdi yolları.

Keçir sinəm üstdə dərdin yolları,

Ömrümü əzaba salıbdı həyat.

****

Gözü misra-misra dolan şairəm,

Dərdin bağçasında solan şairəm.

Bəxtimi ovcundan salan şairəm,

De, məndə ta nəyin qalıbdı, həyat?!

Hazırladı: İsa Rəvan