Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

21 May 2021 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Xəyal Zeynal

ÖZÜMÜ KİMƏ YETİRİM?

Tənhalığın sarayında,

Ağrı kəsir nəfəsimi.

Necə duyurum səsimi,

Özümü kimə yetirim?

***

Əllərdə sındım, cam kimi,

Əridim, getdim, şam kimi.

Mən ömrümü adam kimi,

Yaşadımmı ki, bitirim?!

***

Ürəyim kədər yuvası,

Yerim yoxdur dərd qoyası.

Salam verir dərd obası,

Alırsam, kimə ötürüm?

***

Dözdüm, tükəndi dözümüm,

Dünya qaraltdı üzümü.

Harda basdırım özümü,

İzimi harda itirim?

YAŞADIM

Mən ömrümün neçə nurlu qışını,

Neçə zülmət, baharını yaşadım.

Mən heç kəsin sevincini dadmadım,

Mən hər kəsin azarını yaşadım.

***

Heç bilməzdim şaxta nədir, bürkü nə,

Bələnərdim qayğı adlı kürkümə.

Axır düşdüm tənhalığın mülkünə,

Hər küncünü, divarını yaşadım.

***

Harda qəm var, öz yuvama gətirdim,

Canımdakı dözümü də bitirdim.

İtirəcək nəyim varsa itirdim,

Yoxluqların hər varını yaşadım.

***

Kəsib atdım buludların telini,

Çapıb yardım qayaların belini.

Gözlərimin daşqınını, selini,

Ürəyimin qubarını yaşadım.

***

Hey yelləndim kor fələyin valında,

Ümidlərin sınıq, salxaq qolunda.

Gerçəklərin daş-kəsəkli yolunda,

Xəyalların qatarını yaşadım.

***

Susdum qəmin içimdəki həbsinə,

Rast gəlmədim ədalətin qəbzinə.

Yovuşmadım bu zamanın nəbzinə,

Kələ-kötür damarını yaşadım.

***

Yetər fələk, qarətini dayandır!

Dərddən başqa yoxunmudur bir andır?

İçim, çölüm talandıqca, talandı,

Boşluqların məzarını yaşadım.

SƏNİNÇÜN

Canım, gözüm, arxa-dayaq istəsən,

Ən güvənli dağ olaram səninçün.

Geri çönüb, yox olmamı istəsən,

Ovularam, dağılaram səninçün.

***

Darıxmazsan, qızıl vaxtın olaram,

Xoş əyləncən, gözəl baxtın olaram.

Öz qəlbimdə sənin taxtın olaram,

Açılaram, yığılaram səninçün.

***

Gecə-gündüz ulduzları pusaram,

Göydən dərib, saçlarından asaram.

Ürəyində özgə görsəm, susaram,

Gözlərindən yıxılaram səninçün.

***

Yağış olub, qucağına damaram,

Dalğa olub, üzərinə cumaram.

Çıxıb getsən, başqasını yumaram,

Buxarlanıb, yox olaram səninçün.

***

Külək kimi hər tərəfə əsmərəm,

Səndən bir an ümidimi kəsmərəm.

Məni hər gün öldürsən də küsmərəm,

Hər gün yenə doğularam səninçün.

Aidə Adıgözəl

QIRILMIŞ XƏTLƏR

Kimi əriyib muma dönmüsən,

Nədir dərdin, sərin, ömrü boş adam?

Batmış gəmilərin “qəm” dənizində,

Sarfası saralmış, ey, naxoş adam?!

***

Hədərmiş, dolandın sevda başına,

Başın dəymədimi əlhəd daşına?!

Sən heç baxmadınmı kor qardaşına,

Gözü çıxarılmış, eh, sərxoş adam.

***

Sevda bazarında ucuzmuş alver,

Fitnə dəllalları dolaşır göy, yer.

Bəsdir, özünə gəl, düşün, qərar ver,

Bu da sonuncu şans, haydı, qoş adam!

***

Hələ ömür qalıb xoş yaşamağa,

Bu sönmüş ürəkdə qor daşımağa.

Sərf etmə vaxtını çor qaşımağa,

Bax, sabah açılır, durma, coş adam!

ADI VƏ DADI OLMAYAN ŞEİR

Ölməyə nə var ki, gözünü yum, get,

Burax dünyanı da, qayğıları da.

Gələrlər, gedərlər, yolu ot basar,

Bir gün tərgidərlər darıxmağı da.

***

Sonrasın düşünmə geyimlərinin,

Verərlər yoxsulun biri geyinsin.

Ya suya atarlar, ya basdırarlar,

İnsan qoxusuna torpaq sevinsin!

***

Bir gün dəyişərlər yataq yerini,

Yığarlar paketə qalan nə varsa.

Atarlar çardağın tozlu küncünə,

Ya da daş qəlblisi vurub yandırsa...

***

Bir göz qırpımında yaşandı, bitdi,

Seyr etdin illərə sığışmağını.

İndi anladınmı doğulanların,

Dünyaya gələndə ağlamağını?!

***

Torpağın üstündə daşdan baş daşı,

Torpağın altında bir qucaq sümük!

Bir neçə xatirə, yadlara düşsə,

Bir də arxivlərə atılmış kimlik.

MƏKTUB

Dəli gilavarım, xəzri küləyim,

Söndü eşq atəşim, külü də uçdu.

Sən qondun birinin ağ sinəsinə,

Sənin vəfalını özgələr qucdu.

***

Hər gecə, hər gündüz bir qapılarda,

Birin laylaladın, birin uyutdun.

Başını qatdılar səni sevənlər,

Bu dəli qızı da belə unutdun.

***

Susdum, tab gətirdim hər oyununa,

“Ayının oyunu bir armud üçün”.

Səni tovladılar dost dediklərin,

İndi tənhasanmı? Ovun, döz, keçin!

***

İlahi ədalət gec gəldi, gəldi,

Ağlaya-ağrıya öpdüm yaramı.

Şeir yazdıqların səni unutdu,

Başqa qucaqlarda sağalt yaranı!

***

Belə, başlamışam yeni macəra,

Bil ki, yerim rahat, əmin əldəyəm.

İndi mən yazıram birinə şeir,

Başqa havalarda, özgə yerdəyəm.

Hazırladı: İsa Rəvan