Azərbaycanda generalların 90 faizi güllə atmağı bacarmır – Sensasion açıqlama

Azərbaycanda generalların 90 faizi güllə atmağı bacarmır – Sensasion açıqlama

5 Aprel 13:36
146
Bəyəndim (0) Bəyənmədim (0)

Pandemiya və müharibə dövründə ara verilmiş səs-küylü həbslər ilin əvvəlindən yenidən start götürüb. Ötən il olduğu kimi, bu il də vəzifə səlahiyyətilərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, son vaxtlar sabiq deputat Rafael Cəbrayılov, sabiq briqada komandiri Rövşən Əkbərov və digər məmurların həbsi gündəm mövzusuna çevrildi. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vaxtilə yüksək vəzifədə işləyərkən korrupsiya ilə məşğul olan məmurların hamısının həbs edilməli olduğunu bildirib:

“Məşhur bir fikir var: insanlar hakimiyyətə hansı yolla gəlirsə, o yolla da gedir. Rafael Cəbrayılov adlı deputat dediyimiz adam saxta yolla, rüşvət verməklə deputat olmuşdu. Deputatlıq etdiyi dövrdə də dövlətin, xalqın maraqlarına da ümumi bir mövqedə idi. Sadəcə olaraq özünü İlham Əliyevə, Heydər Əliyevə sədaqətli bir adam adam kimi təqdim edirdi. Hətta H.Əliyev kimi danışmağa, onun kimi geyinməyə, ibarəli sözlər işlətməyə, Azərbaycan demokratik hərəkatına, Əbülfəz Elçibəyə qarşı başından yekə-yekə danışmağa meyilli idi.

Arxa planda isə cinayətkar əməllər törədir, fırıldaqçılıqla məşğul olurdu. Bunu hamı bilirdi. Nə zaman ki, iqtidar üçün onun əhəmiyyəti azaldı və cinayətləri kifayət qədər şişdi haqlı cəzasına da çatdı. Hətta iş o yerə gəlmişdi ki, o mandatını belə girov qoymuşdu. Əslinə qalanda isə o millət vəkili yox, saxta, cinayətkar bir adam olub. Eləcə də generalların özü. Açıb onların bioqrafiyasına baxın, adam öldürmək, quldurluq etmək, başqasının əmlakına ələ keçirmək, vətənə xəyanət kimi hər cür ittiham var. Bu adamlar normal, sivil dövlətlərdə olduğu kimi öz bacarıqları, qabiliyyətləri, xidmətlərinə görə gəlib o vəzifələri tutmayıblar.

Generalların 90 faizi heç güllə atmağı bacarmırlar, hərbi işdən başları çıxmır. Hamısı ticarətçi, iş adamıdır kiminsə qudası, qohumu, sürücüsü gəlib general olur. Azərbaycanda ümumiyyətlə, dövlət vəzifəsinə adamların təyin edilməsi olduqca qüsurludur və dünyada qəbul edilmiş dövlətçilik ənənələrinə ziddir. Elə bir məmur, general yoxdur ki, onun bioqrafiyasında xalqa, dövlətə xidmətlə bağlı nəsə olsun. Kimin ki, xidməti var onlar vəzifədə bir pillə belə irəli gedə bilmirlər, amma kimlər ki, heç bir iş görmür onlar çox böyük mükafatlar, adlar alırlar. Hamısı da saxta alim dərəcələri, saxta hərbi rütbələr və s.”

S.Cəlaloğlu Azərbaycanda kadr siyasətinin qüsurlu olduğunu qeyd edib: “Bütün bunlar onu göstərir ki, kadr siyasəti qüsurludur. Bir deputatı, generalı həbs eləmək dövləti də nüfuzdan salır. Gərək əvvəlcə oğruları, cinayətkarları bu qədər yuxarı qaldırmayaq ki, sonra da əməllərinə görə həbs olunmasınlar. Belə olduqda hökümətin öz nüfuzu aşağı düşür”.

Partiya sədri hesab edir ki, hakimiyyət islahatlara getməli, dövlət başçısı öz yaxın ətrafında olan korrupsionerlərə qarşı mübarizə aparmalıdır:

“Nəinki sabiq məmurlar, hazırda vəzifədə olan, büdcəni dağıdanlar nəyə görə vəzifədə qalmalıdır?! Korrupsiyaya qarşı mübarizə yalnız o işdən çıxarılandan sonramı olmalıdır?! Bu mübarizə total şəkildə olmalıdır. Bir günlük vəzifəyə təyin edilmiş adam belə korrupsiya ilə məşğul olursa, dərhal işdən uzaqlaşdırılıb cəzasını almalıdır. Oğurladıqları da dövlət büdcəsinə qayıtmalıdır. Bu günə qədər yüzlərlə korrupsioner həbs olunub, lakin dövlət büdcəsinə bir manat belə vəsait gəlməyib. Həmin pullar bu korrupsionerin əlindən digərinə keçir. Mən hesab edirəm ki, bu mübarizə ümumi şəkildə aparılmalıdır. Hər şeydən vacibi isə bu mübarizəyə yaxın adamlardan başlamaq lazımdır ki, xalqı inandırsınlar. Prezident gərək birinci öz yaxın ətrafındakı, qohumları arasında olan korrupsionerləri həbs etdirməlidir ki, xalq ölkədə real korrupsiya mübarizəsinin getdiyini görsün”.