Həmin ərazilər kəndbəkənd Azərbaycana qaytarılmalıdır

Həmin ərazilər kəndbəkənd Azərbaycana qaytarılmalıdır

5 Aprel 2021 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında bu həftə ərzində Moskvada növbəti görüş baş tutacaq. Görüşdə üçtərəfli sazişin şərtləri yenidən müzakirə ediləcək. Çünki bəyanatda əks olunsa da, hələ də Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilməyən məsələlər var. Belə ki, müharibənin üzərindən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, erməni birləşmələri Qarabağdan çıxarılmayıb. Həmçinin kommunikasiya xətlərinin açılması ilə əlaqədar da heç bir irəliləyiş qeydə alınmayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, politoloq Fikrət Sadıxov bildirib ki, üçtərəfli görüşdə dövlət başçısı hazırda aktual olan məsələlərin hər birinə toxunacaq:

“Biz indi qələbədən sonrakı diplomatik addımlarımızı atırıq. Bu gün gündəmdə bir sıra həlli vacib olan məsələlər dayanır. Buraya kommunikasiya xətləri, ermənilərin Qarabağda qalması və Ermənistandan oraya gətirilməsi, həmçinin azərbaycanlıların Qarabağa qaytarılması, minalanmış ərazilərin xəritəsinin əldə olunması və sair daxildir. Bildirim ki, minalanmış ərazilər Azərbaycan vətəndaşları üçün böyük bir təhlükədir. Lakin ermənilər hələ də minalanmış ərazilərin xəritələrini vermirlər. Dövlət başçımızın bu məsələyə xüsusi diqqət yönəldəcəyinə şübhə etmirəm. Çünki birmənalı şəkildə biz xəritəni əldə etməliyik”.

Siyasi şərhçi hesab edir ki, yaxın günlərdə baş tutacaq görüşdə bəzi problemlər artıq öz həllini tapacaq:

“Çünki bizim gördüyümüz bütün işlər o həllə nail olmağa yönəldilib. Bu yoldan heç vaxt çəkilməyəcəyik. Müzakirə olunacaq mövzularda Rusiya da maraqlıdır. Onlar başa düşür ki, kommunikasiya xətlərinin açılması onların da dövlət maraqlarına cavab verir. Hazırda tək Ermənistan yox, bir sıra regional dövlətlər məsələyə cəlb olunub. Çünki kommunikasiyaların açılması Rusiya ilə yanaşı Türkiyə və İranın da marağındadır”.

Həmsöhbətimizin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi və Qazaxın 7 kəndinin qaytarılması məsələsi də müzakirə olunan məsələlər sırasında yer alacaq:

“Amma həmin ərazilərin dərhal qaytarılcağını əminliklə demək bir qədər çətindir. Hər halda biz buna çalışmalıyıq. Prosesi mərhələli şəkildə də həyata keçirmək olar, həmin ərazilər kəndbəkənd Azərbaycana qaytarılmalıdır. Bunu biz dəfələrlə həm Rusiya rəhbərliyinə, həm də Ermənistana demişik. Onlar əgər bu torpaqların bizə məxsus olduğunu etiraf edirlərsə, torpaqlarımızı geri qaytarmalıdırlar”.