Köçəryanın rus mediasında “savaş mesajı”..

Köçəryanın rus mediasında “savaş mesajı”..

5 Mart 08:51
250
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda Robert Köçəryan kimilərin həmişə olacağını nəzərə alaraq Azərbaycan öz ordusunu daim gücləndirməli, modern hərbi texnika almalı və Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirməlidir. Yəni əlimiz hər zaman tətikdə olmalıdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu axar.az-a açıqlamasında deyib. Politoloq qeyd edib ki, Ermənistanın keçmiş prezidenti, Qarabağ klanının lideri, qatil Robert Köçəryan Rusiya KİV üçün keçirdiyi mətbuat konfransında Qarabağda ədalətsiz sülhün yeni müharibəyə gətirib çıxaracağını deyib və “maraqlı” misal çəkib:

“O deyib ki, İkinci Dünya müharibəsi də ədalətsiz Versal sülhünün nəticəsi idi. Köçəryan fikrinə belə davam edib ki, əgər tərəflərdən hansısa biri müharibənin nəticəsi ilə razılaşmırsa, deməli, yeni müharibəni gözləməlisən. Bu, əlverişli geopolitik şərtlər yarananda baş verəcək: “Azərbaycanda düşünürlərsə ki, Qarabağ problemini həll ediblər, bu əslində əks məna kəsb edir. Baxmayaraq ki, üstün mövqedədirlər”.

Köçəryanın bu açıqlaması nə deməkdir?

Birincisi, Azərbaycanın qələbəsi Robert Köçəryanın "keçmiş şanlı tarixi" üzərindən böyük bir xətt çəkib və o, bunu həzm edə bilmir. Köçəryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-sinə qədər nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan Ordusu erməni qatilinin bütün bu "mübarizəsini" sıfırladı. Köçəryan digər qatillərlə birgə Şuşanı, Laçını, Kəlbəcəri və keçmiş Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı ona görə işğal etmişdi ki, “təhlükəsizlik zolağı” yaratsın və qondarma “dqr”in “müstəqilliyinə” nail olsun. “Təhlükəsizlik zolağı”nın ömrü 27 il sürdü və ortadan qaldırıldı, işğal sona çatdı və əlbəttə ki, işğal üzərində qurulan “müstəqillik” xülyası da puç oldu. Yəni Köçəryan nəyin uğrunda mübarizə aparmış, savaşmış, qətliamlar törətmişdisə - hamısı nəinki nəticəsiz qaldı, ermənilər üçün faciəyə çevrildi. Ona görə də Köçəryan erməniləri yenidən “mübarizə”yə səsləməyə çalışır. Aydındır ki, Köçəryandan “mən gərək belə etməzdim, səhv etmişəm” açıqlamasını eşitməyəcəyik.

İkincisi, Robert Köçəryanın 10 noyabr bəyanatını Versal sülh müqaviləsi ilə müqayisəsi ona görə başdan sona qədər qüsurludur ki, Ermənistanın ərazisi işğal edilməyib, onun yalnız işğal etdikləri geri qaytarılıb. Digər tərəfdən, Ermənistan hansı insani, iqtisadi, texniki potensialı ilə bizdən “intiqam” almağa çalışacaq?”

Politoloq deyib ki, Köçəryanın Versal müqaviləsi ilə bağlı paralellər aparması əslində onun düşüncə tərzindən irəli gəlir:

“Ermənistanda faşist düşüncəsi faktiki olaraq mövcuddur və bu, onillərdir təblib edilir. Bunun nümunəsi Njdeyə qoyulan abidələr, faşistin ideallaşdırılmasıdır. Köçəryan faktiki olaraq faşist ideologiyası daşıdığını, işğal və qətliamlara can atdığını təsdiqlədi. Məsələ də bundadır ki, Köçəryan tək deyil və erməni mediasına baxanda da görürük ki, bu ideologiya necə təbliğ edilir.

Ancaq indi 1990-cı illər, Azərbaycan da ordusuz, kasıb və tək deyil! Biz artıq düşmənin hansı məkrdə olduğunu bilirik və tədbirliyik. Ona görə də Azərbaycan xalqı öz ərazilərini göz bəbəyi kimi qoruyacaq, torpaqların yenidən işğalına imkan verməyəcək”.

Murad Şahməmmədov