Pakistan-Azərbaycan münasibətlərində yeni tarixi mərhələ başlayır

Pakistan-Azərbaycan münasibətlərində yeni tarixi mərhələ başlayır

4 Mart 2021 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycana həmrəylik və dəstək nümayiş etdirən dost ölkələrdən biri də Pakistan idi.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hazırda iki qardaş ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Təsadüfi deyil ki, dünən Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edən Prezident İlham Əliyev pakistanlılarla azərbaycanlıların birlik və qardaşlığını xüsusi olaraq önə çəkdi.

Dövlət başçısı bildirib: "Müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Məsələ ilə bağlı Azvision. az yazır ki, müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir".


Pakistan-Azərbaycan münasibətlərinin gələcək perspektivlərini Azvision.az-a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu deyib ki, İslamabad müstəqillik illərində hər zaman Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında maraqlı olub:

“Pakistan-Azərbaycan münasibətləri yalnız indi və 44 günlük Vətən müharibəsi zamanı deyil, həmişə yüksək səviyyədə olub. Hər iki ölkə istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də ikitərəfli münasibətlərdə bu vaxta qədər nümunəvi münasibətlər sərgiləyib. Azərbaycan Pakistana, İslamabad isə rəsmi Bakıya bütün məsələlərdə dəstək olub. Yalnız ərazi bütövlüyü deyil, istənilən sahədə bu dəstəyi sezmişik, xüsusən də ötən illər ərzində beynəlxalq təşkilatlarda iki qardaş ölkə bir-birinə açıq dəstəyini nümayiş etdiriblər. Buna paralel olaraq Pakistan-Azərbaycan münasibətləri həm də İslam Əməkdaşlığı Təşkilatında nümunəvi münasibətlərdən biri kimi qiymətləndirilib”.

Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində bu dost və qardaş ölkənin siyasi, mənəvi dəstəyi yüksək səviyyədə olub:

“Azərbaycan xalqı Pakistanın dəstəyini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, müharibə gedən dövrdə qardaş Pakistanın bayrağı digər bizə əziz olan ölkənin -Türkiyənin və Azərbaycanın bayraqları ilə bərabər küçə və meydanlarımızı bəzəyirdi. Bu əslində Azərbaycan xalqının xalq diplomatiyası vasitəsilə qardaş Pakistana öz münasibətini sərgiləməsi idi. Ona görə də, bu gün dünyada cərəyan edən qlobal proseslər kontekstində Pakistan-Azərbaycan-Türkiyə böyük üçbucağında baş verən münasibətlər, yaranan müttəfiqlik xüsusi əhəmiyyət kəsb etməkdədir.

Xatırlayırsınızsa, bir neçə ay öncə hər üç ölkənin XİN rəhbərlərinin İslamabadda üçtərəfli görüşü keçirildi. Bu mühüm görüşlər davam etdiriləcək. Belə vacib təmaslar, XİN rəhbərləri səviyyəsində olan görüşlərdə hər üç ölkənin təhlükəsizliyi, ortaq maraqları ilə bağlı yeni diplomatik strategiyanın gəlişdirilməsi və milli maraqların müdafiəsinə yönləndirilməsi məsələləri müzakirə olunur. Ona görə də, Pakistan hər zaman bizə dost, qardaş ölkə kimi qalacaq. Hərbi sahədə əməkdaşlığın bundan sonra da sıx şəkildə davam etdirilməsi, bu əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması proqnozlaşdırılır ki, bütün bunlar da Pakistan-Azərbaycan münasibətlərində yeni tarixi mərhələni şərtləndirir”