“Paşinyan öldürülsə, Ermənistan qarışacaq” - Bu halda Azərbaycan nə etməlidir?

“Paşinyan öldürülsə, Ermənistan qarışacaq” - Bu halda Azərbaycan nə etməlidir?

22 Fevral 2021 21:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinayana qarşı sui-qəsd həyata keçirildiyinə dair xəbər yayılıb, hətta yaralandığını bildirilib. Ancaq xəbər təsdiqini tapmayıb, Rusiyanın və Ermənistanın saytlarında bu barədə heç nə yoxdur.

Oxuməni.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.

Politoloq Ermənistan müxalifətinin Paşinyanı istefaya məcbur edə bilmədiyini və son variant kimi süi-qəsdi seçdiyini bildirib:

"Xəbər təsdiqini tapmasa belə, Ermənistanın radikal müxalifətinin faktiki Paşinyanı öldürməyə səsləməsi sirr deyil. Müxalifətin baş nazir kimi irəli sürdüyü Vazgen Manukyan 20 fevral mitinqindəki çıxışında ordunu və polisi çevrilişə səsləyirdi. Çevriliş planı hazırlayanlar rəsmiləri öldürməyə də hazır olmalıdırlar. Paşinyanı parlamentdə və meydanda istefaya məcbur edə bilmədilər, demək yerdə qalır sonuncu variant: Sui-qəsd.

Ermənilərin terror təcrübəsi böyükdür, başqalarıyla yanaşı özününküləri də öldürmək təcrübəsinə malikdirlər. Ermənistan parlamentinin gülləbaran edilərək spikerlə baş nazirin öldürülməsi yaxın tarixin səlnaməsidir. Odur ki, Paşinyanın da bir gün fiziki cəhətdən neytrallaşdırılması ehtimalı az deyil.

Nikol Paşinyan sui-qəsd nəticəsində qətlə yetirilərsə, Ermənistanın qarışacağı aşkardır. Ermənistanda Paşinyanı devirmək istəyənlərlə yanaşı onu dəstəkləyənlər də az deyil. Odur ki, Paşinyanı öldürsələr, onun tərəfdarları ilə suiq-qəsdçilər üz-üzə qalacaq, Ermənistanda vətəndaş müharibəsi ehtimalı artacaq. Paşinyan sui-qəsd nəticəsində öldürülərsə, müxalifət müvəqqəti hökumətin formalaşmasını tələb edəcək. Çünki, seçki keçirilsə, Paşinyana dəstək verənlər onun ardıcılarına səs verəcək və müxalifət yenə hakimiyyətə gələ bilməyəcək. Müxalifət indiki vəziyyətdə seçki istəmir, çevriliş istəyir".

Elxan Şahinoğlu Kremlin də hadisələrin bu istiqamətdə inkişafına seyirçi qalmayacağını qeyd edib:

"Moskva mümkün suiq-qəsddən sonra Ermənistanda yeni hakimiyyətin formalaşdırılmasında birbaşa iştirak edəcək ki, vassalı dağılmasın. Ancaq Kreml üçün bu asan olmayacaq. Çünki, Qərb də Ermənistandakı mümkün xaosda maraqlarını təmin etməyə çalışacaq.

Ermənistan xaosa yuvarlansa belə, Kreml İrəvandakı qüvvələri 10 noyabr və 11 yanvar bəyanatlarından kənara çıxmasına imkan verməyəcək. Yəni xaosu yaradanlar müharibənin nəticələrini dəyişə bilməyəcək, kommunikasiya xətlərinin açılmasına mane ola bilməyəcəklər. Əksini etsələr özlərinə əlavə problemlər yaradacaqlar ki, bu ssenariyə də hazır olmalıyıq. Ermənistan xaosa yuvarlanacağı halda, Azərbaycan Dağlıq Qarabağda təsir imkanlarını artırmaq planını hərəkətə gətirməlidir".