Arif Hacılı anasının yas mərasimi ilə əlaqədar 7 gün azadlığa buraxıldı

Arif Hacılı anasının yas mərasimi ilə əlaqədar 7 gün azadlığa buraxıldı

31 May 2012 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda həbsdə olan Müsavat Partiyası başqanının müavini Arif Hacılının anası Zahidə Hacıyevanın yas mərasimində iştirakı ilə bağlı müraciəti təmin olunub. Bu barədə APA-ya açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev bildirib. O qeyd edib ki, ölkə başçısı İlham Əliyev məhkumun müraciətinə müsbət reaksiya verib və A. Hacılının anasının dəfn və yas mərasimində iştirakına icazə verilib: "Cənab prezidentin tapşırığı ilə Arif Hacılı evə buraxılıb. Ona yeddi gün anasının yas mərasimində iştirakına icazə verilib".

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında deyib ki, Arif Hacılı anasının yas mərasimində iştirak üçün Penitensiar Xidmətə müraciət edib: "Arif Hacılının törətdiyi cinayətin az ağır olduğunu, cəza çəkdiyi dövrdə davranış qaydalarını nəzərə alaraq, eyni zamanda humanizm prinsiplərini rəhbər tutaraq ona anasının yas mərasimində iştirak üçün 7 gün müddətinə icazə verilib".
Qeyd edək ki, A.Hacılının anası Zahidə Hacıyeva uzun sürən xəstəlikdən sonra mayın 30-u axşam saatlarında vəfat edib. A. Hacılı anasının dəfnində iştirakına icazə verilməsi xahişi ilə Penitensiar Xidmət rəhbərliyinə müraciət edib.
A.Hacılı İctimai Palatanın 2 aprel 2011-ci il tarixdə keçirdiyi aksiya ilə əlaqədar saxlanılıb və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

O.M.