Bakıdakı və Sumqayıtdakı qırğınları erməni kilsəsi körükləyib

Bakıdakı və Sumqayıtdakı qırğınları erməni kilsəsi körükləyib

15 Yanvar 13:33
63
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsinə dair 2021-ci il 13 yanvar tarixli əsassız bəyanatına Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tutarlı cavabı məlumdur. Buraya Ermənistan tərəfindən 1918-1920-ci illərdə aborigen azərbaycanlı əhalinin kütləvi surətdə məhv edilməsinə, vəhşicəsinə deportasiyasına və digər məsələlərə dair çoxlu təkzibedilməz faktları da əlavə etmək olar".

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib. O, Ermənistan XİN-nin bəyanatının tamamilə uydurma olduğunu bildirib. Deputatın sözlərinə görə, sənədlər sübut edir ki, 1988-ci ilin fevralında Sumqayıtda olduğu kimi, 1990-cı ilin yanvarında Bakıda da törədilmiş hadisələr üçün məsuliyyət sovet xüsusi xidmət orqanları ilə yanaşı erməni kilsəsi və təşkilatlarının üzərinə düşür:

"Bakı, Moskva və Ankarada nəşr olunmuş monoqrafiyamda istifadə etdiyim bir ən mötəbər arxiv sənədi təsdiq edir ki, 1990-ci ilin yanvarında Bakıda baş vermiş təxribatda erməni kilsəsinin bilavasitə iştirakı və əli olub. Sənəddə yazılır ki, Bakıdakı erməni kilsəsinin dyakonu (aşağı rütbəli keşiş) S.S.Davityan 1988-ci il martın 8-10-da Eçmiadzinə gedərək bütün ermənilərin katolikosu I Vazgenin qəbulunda olmuş, sonra isə ieoromonaxlar İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyanla görüşmüşdü. Söhbət zamanı Bakı və Sumqayıtdakı şəraitlə maraqlanan, Dağlıq Qarabağ məsələsində Bakı ermənilərinin bitərəf mövqe tutmasının səbəblərinə dair suallar verən Matevosyan bildirmişdi: “Onlar böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar. S.Davityan cavabında demişdi ki, Ermənistan əhalisinin çıxışları Bakı ermənilərinin vəziyyətinə mənfi təsir edə bilər. Bu zaman kilsə xadimləri soyuqqanlılıqla “Burada qorxulu heç nə yoxdur, onları (Bakı erməniləri nəzərdə tutulur) qurban vermək olar” deyə söyləmişdilər".

M.Qasımlı əlavə edib ki, erməni kilsə xadimlərinin söylədikləri onların iki xalq arasında sülh yaratmaqdan nə qədər uzaq olduğunu, düşmənçiliyi, əsassız ərazi iddialarını qızışdırdığını və bu istiqamətdə qanlı əməlləri törətməyə hazır olduğunu və iştirak etdiyini göstərirdi. Bununla əslində xristianlığa daha bir silinməz ləkə vururdular.

Deputatın qənaətincə, Ermənistan XİN-in bəyanatı isə bir daha göstərir ki, dövlət siyasətinə çevrilən həmin ənənəvi fəaliyyətlər 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlardan sonra da davam etdirilir və düşmənçiliyi qızışdırmağa yönəldilib.