Fransa başda olmaqla, həmsədr ölkələr münaqişədəki nəzarət mexanizmini əldən vermək istəmir

Fransa başda olmaqla, həmsədr ölkələr münaqişədəki nəzarət mexanizmini əldən vermək istəmir

15 Dekabr 2020 08:49
Bəyəndim (0) Bəyənmədim (0)

Həmsədrlərin Azərbaycan və Ermənistana ani səfəri çox şeydən xəbər verir. Xüsusilə də ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin bariz şəkildə hiss edildiyi bir zamanda regiona edilən bu səfər qurumun aktivləşdiyini göstərmək cəhdidir. Eyni zamanda Fransa başda olmaqla, həmsədr ölkələr münaqişədəki nəzarət mexanizmini əldən vermək istəmir. Lakin bundan sonra çətin ki, qurum yeni reallıqlarla ayaqlaşa bilsin.

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti və amerikalı həmsədri Endryu Şefer, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşikin gözlənilmədən Azərbaycana, sonra isə Ermənistana səfərinin pərdəarxası məqamları haqda danışarkən axar.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkə başçısı açıq-aşkar ATƏT-in Minsk Qrupunun həmsədrlərini gözləmədiklərini dedi:

“Bu, əslində ondan xəbər verir ki, cənab Prezidentin bu quruma güvəni qalmayıb. Faktiki olaraq 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi həllinə nail olunub. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Müvafiq mandata sahib olan ATƏT-in Minsk Qrupu isə 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb.

28 il az müddət deyil. Bu qədər müddət ərzində qurum heç bir əsaslı iş görməyib. Azərbaycanın tələbi aydın idi. Biz torpaqlarımızın işğaldan azad edilməsini istəyirdik. Hətta bu istiqamətdə ermənilərə geniştərkibli muxtariyyətin verilməsi də gündəmdə idi. Lakin artıq bu təkliflər də bitdi, heç bir status olmayacaq”.

Politoloq bildirib ki, həmsədrlərin İrəvandakı görüşlərinin Bakıdan fərqləndiyini düşünmür:

“Çünki rəsmi İrəvan da anlayır ki, həmsədrlərin bundan sonra onlar üçün edəcəyi çox şey yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri sadəcə itmiş nüfuzlarını azca da olsa bərpa etməyə və bu tənzimləmədə rol almağa çalışırlar. Hesab edirəm ki, MQ-nin bunun üçün şansı var. Əgər onlar yeni reallığı nəzərə alaraq, ağlabatan bir təklif irəli sürsələr, hazırda qalib kimi əsas söz sahibi olan Azərbaycanın dəstəyini qazana bilərlər. Haqlı və güclü Azərbaycanın dəstəyi isə Minsk Qrupunun imicini bərpa etmiş olar”.

Oxuməni.az