Milli Məclisin bugünkü iclasında deputatlar İran rejimini tənqid etdilər

Milli Məclisin bugünkü iclasında deputatlar İran rejimini tənqid etdilər

22 May 2012 12:36
621
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin (MM) bugünkü iclasında deputatlar "Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə çıxışlara münasibət bildiriblər. APA-nın məlumatına görə, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, rəsmi dövlət adında İslam sözü olan İranın Ermənistanla eyni mövqe tutması təəssüfləndiricidir: "İranın Azərbaycandakı səfirliyi qarşısında gənclərimizin keçirdiyi aksiya məntiqə uyğun idi". O, İranın Azərbaycandakı səfirinin ölkəsinə çağırılmasına da münasibət bildirib və bunun yolverilməz hal olduğunu vurğulayıb.

Deputat Qənirə Paşayeva M.Qurbanlının dediklərinə dəstək verib: "Əvvəlcə dedilər ki, Bakıda gey-parad olacaq. Azərbaycan tərəfi belə bir şeyin olmadığını bildirəndə, dedilər ki, bu, müsəlmançılığa ziddir".
Millət vəkili Azay Quliyev isə deyib ki, İran rejimi bu ölkədəki azərbaycanlılardan Azərbaycana qarşı istifadə etmək istəyir: "Mən bu ölkədəki soydaşlarımıza səslənirəm - Siz mola rejiminin əlində alətə çevrilməyin".
A.Quliyev təəssüflə deyib ki, anti-Azərbaycan kampaniyasına Azərbaycandakı bəzi dairələr də qoşulub: "Mən İctimai Palatanın üzvlərinə müraciət edirəm ki, bu günlərdə Azərbaycanın əleyhinə addımlar atmasınlar. Siyasi ambisiyaları "Eurovision" mahnı yarışmasından sonra da davam etmək olar".
BAXCP sədri Qüdrət Həsənquliyev isə deyib ki, əgər gey-parad olacaqsa, bu paradın Tehranda keçirilməsi ehtimalı daha çoxdur: "Tehranda qız uşaqlarından çox oğlan uşaqlarını qoruyurlar. Dünən İran rəsmilərindən birinin açıqlamasını oxuyuram ki, ölkədə sulu qəlyan çəkən qızların faizi artıb. Yəni İran bizə etiraz etməkdənsə, öz ölkələrindəki problemləri aradan qaldırsın".
Deputat İlham Məmmədov da həmkarlarının fikirlərini bölüşüb. O, bu günlərdə razılaşdırılmamış aksiyalar keçirən müxalifətçilərin ünvanına təhqiramiz ifadələr işlədib.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə xatırladıb ki, Azərbaycan tərəfi dəfələrlə bu ölkə ərazisindən İrana qarşı istifadə olunmasına icazə verilməyəcəyini bəyan edib: "Daha nə deyilməlidir? İranın Amerikaya gücün çatmır, gəlib Azərbaycanın üstünə düşüb. Bəs müsəlmançılıq harada qaldı, islam harada qaldı? İndi İranın səfirini ölkəsinə çağırıblar. Səfirlər ölkələr arasında dostluq münasibətləri yaratmalıdırlar. Bu səfir dostluq münasibəti yaratmırdı. İndi də görəsən gedib nədən danışacaq?"

Milli Məclisin (MM) bu gün keçirilən iclasında MM sədrinin müavini Bahar Muradova da deputatların "Eurovision" mahnı müsabiqəsi və İranla bağlı narahatlıqlarını bölüşüb. B.Muradova bildirib ki, bəhanə axtaran həmişə axtarıb tapır: "Amma Azərbaycan öz siyasətini kiminsə bəhanəsinə görə qurmur. Əgər İran rəsmilərinin "Azərbaycan Respublikası" kəlməsini deməyə dilləri gəlmirsə, "Bakı dövləti" deyirlərsə, biz necə münasibət göstərməliyik? Onlar Azərbaycanın dünyəvi istiqamətdə inkişafını görmək istəmir, onu bir vilayəti kimi görmək istəyir. Təəssüf ki, İranın bu siyasətinə Azərbaycanda dəstək verən dairələr tapılır".

"Atalar yaxşı deyib, it hürər karvan keçər". Bu sözləri isə Milli Məclisin (MM) sədrinin I müavini Ziyafət Əsgərov İrandakı anti-Azərbaycan çıxışlarına münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycanın çörəyini yeyənləri başa düşmək olmur: "İt hürsə də, karvanımız keçəcək. Təəssüf ki, bəzən bizə çaqqallar, tülkülər də hürür…"

O.M.