Fransanın tarixində qara ləkələr həddindən artıq çoxdur-Politoloq

Fransanın tarixində qara ləkələr həddindən artıq çoxdur-Politoloq

19 Noyabr 2020 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi olaraq bəyan edib. Lakin “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsinin Senata təqdim edilməsi bu ölkənin dünyaya yaydığı dəyərlərə əməl etmədiyini sübuta yetirir

Oxuməni.az xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli keçmiş qondarma “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsinin Fransa Senatına təqdim edilməsi haqda danışarkən deyib.

O bildirib ki, bu qanun layihəsini Senata təqdim etmək beynəlxalq hüququn və ərazi bütövlüyü anlayışının tanınmaması anlamına gəlir:

“Fransanın tarixində qara ləkələr həddindən artıq çoxdur. Parisi ən çox narahat edən məqam tarixi ilə üzləşməkdir. Fransa böyük coğrafi kəşflərdən başlayaraq, XX əsrin sonlarına qədər işğal etdiyi torpaqlarda - üç qitədə olan müstəmləkələrində soyqırım aktları həyata keçirib. Fransanın XIX əsrin 30-cu illərindən başlayan tarixinə işıq tutsaq, aydın olar ki, bu ölkənin tərcümeyi-halı soyqırım aktları ilə zəngindir. Fransa aparıcı dövlətlərin soyqırım reytinqində ön sıralarda durur. Soyqırım aktlarını ört-basdır etmək üçün öz gözündə tiri görməyib, başqalarının gözündə saxta soyqırım tükünü axtarır. Heç təsadüfi deyil ki, rəsmi Paris Ermənistan kimi bir işğalçı ölkənin Xocalı soyqırımı ilə taclandırdığı işğal siyasətini bu gün də dəstəkləyir”.

Politoloq deyib ki, Fransanın “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsini Senata təqdim etməsi öz daxilindəki separatçı ünsürlərin aktivləşməsinə səbəb olacaq:

“Bu gün Fransanın daxilində ciddi bir separatizm hərəkatı mövcuddur. Ümumiyyətlə, yaxın 10 ildə Avropada geniş vüsət alan separatizm hərəkatından Fransa da yan keçməyib. Xüsusilə ölkə daxilində Korsika, Burqundiya, Bretoniya və azsaylı baskların müstəqillik hərəkatı hər nə qədər rəsmi Paris tərəfindən ictimaiyyətdən gizlədilməyə çalışılsa da, bu, ölkənin sözügedən problemlə üzləşmədiyini göstərmir. Yəni bu gün rəsmi Parisin “dqr”in müstəqilliyini tanıması Azərbaycandan çox, onun özünə ziyandır. Bu, başda Fransa olmaqla, Avropada güclənən separatizm hərəkatının daha da genişlənməsinə şərait yaradacaq.

Bu təşəbbüslə əlaqədar Fransa hökumətinə ultimatum təqdim edilməlidir. Qanun layihəsinin qəbul ediləcəyini düşünməsəm də, istənilən halda bu təklifin özü belə iki ölkənin münasibətlərinə ciddi zərər vura bilər”.

Oxuməni.az