Bu gün Qarabağı satan şəxslərdən birinin 80 yaşı tamam olur

Bu gün Qarabağı satan şəxslərdən birinin 80 yaşı tamam olur

15 May 2012 17:33
2 124
Bəyəndim (0) Bəyənmədim (0)
Məhz Arkadi Volskinin idarə üsulu zamanı ermənilər kütləvi şəkildə silahlandırıldılar

Bu gün yaşasaydı, sovet və müasir Rusiya siyasətinin tanınmış xadimlərindən biri Arkadiy Volskinin 80 yaşı (1932 - 2006) tamam olacaqdı. Rusiya mətbuatı bu insanı dahi şəxsiyyət adlandırsa da, Azərbaycan ictimaiyyəti yaxın tarixindən onu "yaxşı" tanıyır.

Belə ki, 1988-ci il iyunun 24-də Moskva özünün xüsusi təmsilçisini Dağlıq Qarabağa göndərdi, Arkadi Volski orada "Siyasi büronun nümayəndəsi" təyin edildi. 1989-cu il yanvarın 12-də M.Qorbaçovun qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tabeçiliyindən çıxarılaraq birbaşa Moskvaya tabe etdirildi və bu regionun birbaşa mərkəzdən idarə olunması üçün Xüsusi İdarə Komitəsi deyilən qurum yaradıldı, heç vaxt ermənipərəst mövqeyini gizlətməyən A.Volski isə həmin quruma rəhbər təyin olundu. Moskva bu addımı atmaqla sonrakı mərhələdə Dağlıq Qarabağın Ermənistana verilməsini sürətləndirmək məqsədi güdürdü. A.Volski Xankəndinə gələn gündən erməniləri, onların silahlı dəstələrini himayə edir və Azərbaycan türklərinin çıxarılıb qovulması üçün əlindən gələni edirdi. Moskva açıq-aşkar erməniləri dəstəkləməklə həm də Azərbaycan xalqının ciddi müqavimət göstərməyəcəyinə ümid edir, Azərbaycan tərəfini yalançı vədlər verməklə sakitləşdirməyə və arxayınlaşdırmağa çalışırdı. Lakin məhz Arkadi Volski idarə üsulu zamanı Xankəndidən 5 min azərbaycanlı qovuldu.

Hadisələrin sonrakı inkişafını xatırlatmağa ehtiyac yoxdur. Təkcə onu qeyd etmək yerinə düşərdi ki, təməli Arkadi Volskinin xəyanəti ilə qoyulan erməni işğalçılığı (məhz onun vaxtında ermənilər kütləvi şəkildə silahlandırıldılar) nəticəsində bu gün Azərbaycanın 20 faiz ərazisi işğal altındadır, 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün həyatını yaşayır.

Aqil Hüseynov

O.M.