Milli Məclisin Komitə sədri ilə millət vəkili arasında mübahisə düşdü

Milli Məclisin Komitə sədri ilə millət vəkili arasında mübahisə düşdü

15 May 2012 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin (MM) Regional məsələlər Komitəsinin iclasında "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Müzakirələr nəticəsində Gədəbəy rayonundakı bələdiyyələrin adları kəndlərin adlarının dəyişdirilməsinə uyğunlaşdırılıb. APA-nın məlumatına görə, müzakirələr zamanı Komitənin üzvü Qalib Salahzadə ilə komitə sədri Arif Rəhimzadə və komitənin digər üzvü Rüstəm Xəlilov arasında mübahisə düşüb. Q. Salahzadə bələdiyyələrin xəritələrinin olmaması problemini vurğulayıb: "Bələdiyyələrin əlində xəritə yoxdur. Sonra da torpaq satanda deyirlər, qanunsuzdur. Bu zaman onlara nə deyə bilərik? Təkcə bir qərar çıxarıblar ki, bələdiyyədir, amma xəritə verilməyib. Bələdiyyələrin inkişafı, pul qazanması üçün gərək onların xəritəsi olsun. Bələdiyyələr öz sərhədlərini tanımadığından bu, xoşagəlməz hallara səbəb olur. Məsələn, qanunsuz yerlərdə, neft ərazilərində evlərin tikilməsinə səbəb olur. Sonra Rövnəq Abdullayev əlində xəritə gəlib o evləri sökdürəndə də qəzetlər düşür Rövnəq Abdullayevin üstünə. Onun günahı yoxdur. Onun əlində sənəd var, o düz edir". Komitə sədri Arif Rəhimzadə isə Q. Salahzadəni müzakirə edilən məsələ barədə danışmağa çağırıb: "Siz əsas məsələni kənarda qoyursunuz. Bu məsələni yüz dəfə demişik". Q.Salahzadə Komitə sədrinin sözünü kəsərək yenidən danışmaq istəyib. Amma A. Rəhimzadə çıxışını dayandırmayıb: "Sən danışanda, mən dinlədim. Növbə ilə danışaq. Xəritə verilməyibsə də, bu, olacaq, iş gedir. Bakı və Sumqayıt şəhərlərində həqiqətən də çox gərgin bir vəziyyət yaranıb. Artıq bununla bağlı iş görülür. Çətinliklər var. Dövlət mülkiyyətində olan torpaqlarla bələdiyyə torpaqları arasında qarmaqarışıqlıq olub. Təqsir özümüzdədir də… Qanunsuz yerdə ev tikirik, sonra da deyirik ki, evi sökürlər. Özümüz edirik də".

A.Rəhimzadə Q.Salahzadənin əvvəllər bələdiyyədə çalışdığını xatırladaraq onun özünə də irad bildirib: "Siz bələdiyyədə işləyəndə hər işi lazımınca görürdünüz? Kimsə gəlib xahiş edəndə arabir qanuna göz yumaraq qanunsuz hərəkətlər etmək zorunda qalırdınız".
Q.Salahzadə yenidən çıxış etmək istəyərkən komitənin digər üzvü Rüstəm Xəlilov deputatı müzakirə olunan məsələ üzrə çıxış etməyə çağırıb. Amma Q.Salahzadə bundan əsəbiləşib: "Sən sədrsən? Niyə sözümü kəsirsən?" A.Rəhimzadə isə Q.Salahzadəni söz atmaqda ittiham edib.
Daha sonra məsələ səsvermə ilə qəbul olunaraq parlamentin plenar sessiyasına tövsiyə olunub.

O.M.