Dağlıq Qarabağda münaqişənin baş verməsinə görə bütün məsuliyyəti erməni tərəfi daşıyır

Dağlıq Qarabağda münaqişənin baş verməsinə görə bütün məsuliyyəti erməni tərəfi daşıyır

29 Sentyabr 2020 12:23
Bəyəndim (2) Bəyənmədim (0)

Dağlıq Qarabağda münaqişənin baş verməsinə görə bütün məsuliyyəti erməni tərəfi daşıyır.

Oxuməni.az хəbər verir ki, bunu Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının (SDA) sədri və BvH Parlament Assambleyasının Xalqlar Palatasının sədr müavini Bakir İzetbeqoviç münaqişə ilə bağlı açıqlamasında deyib.

Bakir İzetbeqoviç bildirib ki, Ermənistan silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində vəziyyətin gərginləşməsi bosniyalıları da çox narahat edir. “Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisidir və Ermənistan tərəfinin yenidən hərbi təcavüzə əl atması, xüsusilə erməni hücumlarının hədəfinin mülki əhali olması yolverilməzdir. Azərbaycanda baş verən hadisələr Bosniya və Herseqovina əhalisinin qovulması və onun ərazisini parçalamaq məqsədini daşıyan qəddar hərbi təcavüzə məruz qaldığı təcrübəni xatırladır”, - deyə İzetbeqoviç vurğulayıb.

O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnun, eyni zamanda, 1990-cı illərdə öz yurdundan qovularaq çıxarılmış bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarına dönməsinin qarşısını alan erməni silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilmiş kütləvi cinayətlərin təkrarlanmaması üçün öhdəliyinin olduğunu vurğulayıb.

İzetbeqoviç qeyd edib ki, beynəlxalq qurumlar, ilk növbədə, bu məsələdə mandata sahib olan ATƏT işğalçı erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə çalışmalıdır.

Partiya sədri vurğulayıb ki, Ermənistanın qanunsuz hərəkətlərinə qarşı beynəlxalq ictimaiyyətin qətiyyətsizlik nümayiş etdirməsi münaqişənin daha da alovlanmasına şərait yaradır. Bu səbəbdən də Azərbaycan hakimiyyətinə bu məsələdə dəqiq və qətiyyətli dəstək vermək vacibdir.

Oxuməni.az