BMT Təhlükəsizlik Şurasının bəzi qərarlarının icrasız qalması və tətbiq edilməməsi yolverilməzdir

BMT Təhlükəsizlik Şurasının bəzi qərarlarının icrasız qalması və tətbiq edilməməsi yolverilməzdir

22 Sentyabr 14:51
371
Bəyəndim (2) Bəyənmədim (0)

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev iki rəsmi statusda çıxış edərək bu gün beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra mühüm məsələlərə toxundu. Bu statuslardan biri BMT və Təhlükəsizlik Şurası, digəri isə beynəlxalq hüquq məsələləri ilə bağlı idi. Azərbaycan Prezidenti bu vacib məsələləri Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin adından səsləndirdi.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərtac-a açıqlamasında bildirib.

H.Babaoğlunun sözlərinə görə, hazırkı mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqi ən aktual məsələdir. Çünki bu sahədə ikili standartlar, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulması hüququn gücünün yox, gücün hüququnun keçərli olduğunu əyani şəkildə göstərir. Bu isə istənilən halda beynəlxalq hüququn nizamlayıcı funksiyasını kölgədə qoymaqla BMT–nin nüfuzuna da böyük zərbə vurur. Xüsusilə BMT Təhlükəsizlik Şurasının bəzi qərarlarının icrasız qalması, həmin qərarların hətta icra mexanizmlərinin olduğu halda tətbiq edilməməsi, yaxud ayrı–ayrı hallarda bunun seçmə üsulu ilə həyata keçirilməsi əlbəttə ki, yolverilməzdir. Bu, beynəlxalq hüququn obyektivliyinə ciddi şübhələr yaradır.

Deputat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalması dediklərimizin əyani sübutudur. “Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında xüsusilə bu məsələni diqqətdə saxlayaraq bildirdi ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa və onun təmin olunmasını həyata keçirə biləcək qlobal təsisatlara ehtiyacı var. Yaranmasının 75-ci ildönümündə biz BMT-nin daha da gücləndirilməsi, təsirlərinin artırılması, eləcə də Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. Bu, mühüm bir çağırış olmaqla əslində reallaşdırılacağı təqdirdə BMT-nin fəaliyyətində yeni keyfiyyət mərhələsi yarada biləcək çağırışdır. Çünki doğrudan da hazırda belə bir yenilənməyə çox böyük ehtiyac var”, - deyə o qeyd edib.

İkinci mühüm istiqamət İlham Əliyevin Azərbaycan Prezidenti kimi çıxışında öz əksini tapan fikirlər idi ki, bu çıxış bir daha beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi kimi xarakterizə oluna bilər. Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın ordu birləşmələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin olmasına baxmayaraq, işğalın hələ də davam etdiyini bildirdi. Üstəlik, hazırkı mərhələdə yeni torpaqların işğalı üçün hərbi-siyasi hazırlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibətin nifrət üzərində qurulduğunu, nasizmə və faşizmə söykəndiyini bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Bölgədə təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu, həm beynəlxalq hüququn yerinə yetirilməsinin tələb edilməsi, həm də əl atacağı hər hansı təxribata görə Ermənistana olunan xəbərdarlıq idi. Ona görə də BMT və onun Təhlükəsizlik Şurası dərhal müvafiq qətnamələrin yerinə yetirilməsi ilə bağlı addımlar atmalı, ATƏT-in Minsk qrupunun fəaliyyəti substantiv danışıqlara köklənməlidir. Əks təqdirdə, regionda real müharibə vəziyyəti yarana bilər ki, bu da sülhün və sabitliyin qorunmasına ciddi təhdid ola bilər.

Oxuməni.az