YAP müxalifət mətbuatının Əli Əhmədovla bağlı yaydığı məlumatı təkzib etdi

YAP müxalifət mətbuatının Əli Əhmədovla bağlı yaydığı məlumatı təkzib etdi

7 May 2012 16:26
687
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Azərbaycan Partiyası (YAP) bəzi qəzetlərdə Babək prospektində sökülən binanın partiya sədrinin müavini Əli Əhmədova məxsus olması barədə verilən məlumatları təkzib edib: "Bəzi qəzetlər 6-7 may 2012-ci il tarixli saylarında növbəti dəfə Bakı şəhərinin Xətai rayonu, Babək prospektində, əvvəllər Vergilər Nazirliyinin Audit departamentinin yerləşdiyi binanın guya, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat yayıb. Ötən il bəzi mətbuat orqanları eyni məzmunlu yalan yaydığına görə Yeni Azərbaycan Partiyası mətbuat xidməti müvafiq təkzib vermişdi. Həmin qəzetlər indi həmin yalan və böhtanı yenə təkrarlayır. Bir daha bildiririk ki, sözügedən və hazırda sökülən binanın Əli Əhmədova heç bir aidiyyatı yoxdur. Qəzetlərdə belə bir böhtanın yerləşdirilməsi çirkin və çirkin olduğu qədər də ucuz qarayaxmadan başqa bir şey deyil. Təəssüf ki, bəzi müxalifət mətbuatı və onlara havadarlıq edənlər siyasətlə yalan və böhtanı qarışıq salır. Əlbəttə, bu qəzetlərdən təkzib tələb etmək, haqlı məhkəmə çəkişməsi qaldırmaq olardı. Lakin bu qəzetlərin mahiyyəti, istinad etdiyi əxlaq dəyərləri Azərbaycan cəmiyyətində hər kəsə yaxşı bəlli olduğundan, Əli Əhmədov belə bir addım atmağı tamamilə mənasız və gərəksiz saydığını bildirir".

O.M.