Prezident Administrasiyası Qərb ölkələrində aparılan anti-Azərbaycan təbliğatına münasibət bildirdi

Prezident Administrasiyası Qərb ölkələrində aparılan anti-Azərbaycan təbliğatına münasibət bildirdi

5 May 2012 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son zamanlar qərb mətbuatında Azərbaycana qarşı aparılan anti-təbliğat kampaniyasına münasibət bildirib. O, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində aparılan siyasətin məqsədyönlü olduğunu bildirib: "Təəssüflər olsun ki, son vaxtlar qərb mətbuatında Azərbaycanın həddən artıq qeyri-demokratik, siyasi plüralizmin olmadığı, insan hüquqlarının pozulduğu, mətbuat, söz azadlığının təzyiq altında olduğu barədə rəy yaradılır. Mayın 2-də bununla bağlı Cenevrədə çox ciddi müzakirələr keçirdik". Ə,Həsənov jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, Avropa Yayım Birliyinə Azərbaycana təzyiqlər göstərməklə bağlı çox ciddi təzyiqlər olunur: "Bununla istəyirlər ki, illərlə-aylarla xarici təşkilatların, daxildə bəzi qüvvələrin, siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycanla bağlı təzyiqlərinin reallaşmasına yardım göstərilsin, Azərbaycana təzyiq göstərərək, bu və digər məsələlərdə onu güzəştə sövq etmək mümkün olsun". Daha sonra Prezident Administrasiyasının rəsmisi Azərbaycanda aparılan demokratik islahatlara toxunub: "Bəzi hallar var ki, heç bir cəmiyyət onlardan sığortalanmayıb. Belə hallara qarşı mübarizə aparmaqda Azərbaycan hakimiyyəti də qərarlıdır, mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təzyiq göstərilən jurnalistlər var, amma dövlətin iradəsi demokratiya, insan haqlarına istiqamətlənibsə, bu dövlətdə söz-mətbuat azadlığının vəziyyəti normal olmalıdır".

O.M.