Nyu-Yorkda Azərbaycan prezidenti rəsmi qəbul təşkil etdi

Nyu-Yorkda Azərbaycan prezidenti rəsmi qəbul təşkil etdi

4 May 2012 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

"AzərTAc"-ın yaydığı məlumata görə, mayın 3-də Nyu-Yorkda prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilib. Azərbaycan prezidenti İlham Əliyev, BMT baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak ediblər. Bu tədbir Azərbaycan-BMT əməkdaşlığının verdiyi töhfələri təhlil etmək, onun nəticələri barədə müzakirələr aparmaq baxımından xüsusi əhəmiyyəti ilə diqqəti cəlb edib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun ilə görüşüb.
Mərasimə dəvət olunan qonaqlar da Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20 illiyi və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırıblar. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı dəvəti qəbul edib buraya gəldiklərinə görə bütün qonaqlara minnətdarlığını bildirib. Azərbaycanın öz tarixində iki əlamətdar hadisəni qeyd etdiyini deyən Azərbaycan prezidenti bu il ölkəmizin BMT-yə üzv qəbul olunmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bildirib ki, ötən il ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib. Bir neçə gün əvvəl isə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi qəbul edib. Verdikləri dəstəyə görə hamıya minnətdarlığını bildirən prezident İlham Əliyev vurğulayıb ki, 20 il əvvəl müstəqilliyini yenidən əldə edən Azərbaycan ötən dövrdə siyasi sistemində böyük islahatlar həyata keçirib. Azərbaycan tolerant ölkə kimi bu gün dünyada mədəniyyətlərarası dialoqun həyata keçirilməsində mühüm rol oynayır.
Ölkənin iqtisadi sahədə əldə etdiyi uğurlardan da danışan prezident İlham Əliyev bildirib ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul bir neçə dəfə artıb, yoxsulluğun səviyyəsi düşüb, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib: "Təəssüflər olsun ki, onlar Ermənistan tərəfindən icra olunmur. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi maneədir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", - deyən prezident diqqətə çatdırıb ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ölkəmizin pozulmuş hüquqları tezliklə bərpa olunmalıdır.
ABŞ-Azərbaycan münasibətlərinə də toxunan prezident İlham Əliyev əlaqələrin siyasi, iqtisadi, enerji təhlükəsizliyi sahəsində inkişaf etdiyini, ölkəmizin terrorizmə qarşı mübarizədə ABŞ-ın strateji tərəfdaşı olduğunu deyib. Bir neçə ay əvvəl beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimad göstərərək BMT Təhlükəsizlik Şurasına üzv seçdiyini deyən dövlət başçısı bildirib ki, ölkəmiz bu qurumun fəal və konstruktiv üzvü olmaqla qurumda hər zaman ədaləti, beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcək.
Daha sonra prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə ziyafət verilib.

O.M.