Vüqar Rəhimzadə: "Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır"

Vüqar Rəhimzadə: "Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır"

7 İyul 16:26
1 696
Bəyəndim (0) Bəyənmədim (0)

“COVID-19-un insan sağlamlığına, ölkələrin iqtisadiyyatına vurduğu zərbə göz önündədir. Hər bir ölkə bu çətinliklərdən az itki ilə çıxmaq istəsə də reallıq tamamilə onun əksini göstərir. Əlbəttə, hər bir məsələ müqayisə tələb edir. Statistikaya müraciət etdikdə görürük ki, Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı 10 mindir. Hansı ki, o ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu kimi faktlar onu deməyə əsas verir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz, ən əsası xəstəlik sərhəd tanımır. Azərbaycan ilk gündən həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərlə bugünkü reallıqlara yol açdı. Koronavirusla mübarizənin birinci mərhələsini az itki ilə sona çatdıran ölkəmiz bu tədbirləri daha da sərtləşdirməklə insanların sağlamlığının prioritetliyini ön plana çəkərək, eyni zamanda, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımların atılmasının zəruriliyini açıqlayır. Məhz Azərbaycanın COVID-19-dan qorunmaq strategiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin, həmçinin bu xəstəliklə mübarizədə təkmil təcrübəyə malik olmasının nəticəsidir ki, əksər dövlətlər bizim təcrübəmizdən yararlanır, eyni zamanda, Azərbaycanın birliyə, həmrəyliyə çağırışlarını, irəli sürdüyü təşəbbüsləri dəstəkləyir.”

Oxuməni.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin uğurlu nəticələrindən bəhs edib. Cənab İlham Əliyev bu fkri xüsusi önə çəkib ki, bu xəstəlik belə bir reallığı da göstərib: - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür: “Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.”

“Ölkəmiz ilk gündən atdığı bütün addımlarını dərindən təhlil etdi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini əsas götürdü. Atılan addımlarda məqsəd təbii ki, insanların sağlamlığını, həyatını qorumaqdır. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək” söyləyən baş redaktor bildirib ki, bu problem xəstəliklə əlaqədar olduğu üçün ilk növbədə səhiyyə sistemində mövcud imkanlar diqqət çəkir. Hazırda Azərbaycan səhiyyəsi inkişaf dövrünü yaşayır: “Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan andan səhiyyə infrastrukturu bu mübarizəyə istiqamətləndirilərək, aidiyyəti qurumların fəaliyyəti əlaqələndirildi. Dövlətimizin başçısı İlham Əliyevin insan amilinə verilən dəyərdən qaynaqlanan addımları yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmalarının dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsində aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Bakının Xətai rayonunda modul tipli hospital bu diqqət və qayğının tərkib hissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 10 modul tipli xəstəxana kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bunlardan 5-i artıq istifadəyə verilib. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılması və onlara təhkim edilməsi koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməyə və tibbi koordinasiyanın təmin edilməsinə xidmət edir. Ümumilikdə, inşa ediləcək 10 modul tipli xəstəxana kompleksi ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xəstəxanaların tez bir zamanda inşa edilməsi hətta seytnot vəziyyətdə lazımi addımların atıldığını təsdiq edir.”

Dövlətimizin başçısı İlham Əliyevin “Heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik» fikirlərini önə çəkən baş redaktor onu da əlavə edib ki, diqqət yetirsək görərik ki, ölkə Prezidentinin modul tipli on xəstəxananın tikintisi ilə bağlı qərarı xəstəliyin yayılması o qədər də geniş vüsət almadığı dövrə təsadüf edir: «Amma bu gün etiraf etmək lazımıdır ki, əksər vətəndaşların məsuliyyətsizliyi üzündən yoluxanların sayı artmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin növbəti modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərarı məhz gələcəyə hesablanıb. Ölkəmizin səhiyyə sistemi koronavirus xəstələrinin müalicəsinə tam imkan yaradır. 45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu kimi addımlar bir daha dövlətimizin kompleks tədbirlərinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını, bugünümüzlə yanaşı, gələcəyimizə də hesablandığını bir daha ortaya qoyur. Hər bir sahə üzrə konkret Dövlət proqramlarının mövcudluğu və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Cənab Prezident İlham Əliyevin «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» çağırışına uyğun olaraq regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə dövlətimizin başçısının təsdiqlədiyi regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bölgələrdə tibb müəssisələrinin, Müalicə Diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi diqqətdən kənarda qalmadı. Bu gün koronavirus xəstələrinin ixtiyarında olan 45 xəstəxandan 36-sı məhz möhtərəm Prezidentimizin Sərəncamı əsasında son illərdə inşa edilib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. »

V.Rəhimzadə bildirib ki, insanların sağlamlığının qorunması üçün bütün xəstəxanalarda lazımi şərait yaradılıb. Mübarizə tədbirlərinə başlananda Azərbaycanda cəmi altı laboratoriya var idisə, hazırda bu laboratoriyaların sayı 29-a çatıb. Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibəsində bu rəqəmləri də açıqlayıb ki, 15 yeni laboratoriya sifariş edilib, laboratoriyaların sayı ümumilikdə 44-ə çatacaq. Bu isə öz növbəsində daha çox test aparmağa imkan yaradacaq. Bu günə qədər 500 mindən çox test aparılıb. Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir.

Dövlətimizin insanların sağlamlığının təmin olunması istiqamətində atdığı addımlara diqqət çəkən V.Rəhimzadə bildirib ki, bu gün hər bir vətəndaşın üzərinə düşən vəzifə məsuliyyət hissini artırmaqdır. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Çünki bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Əgər dövlət lazım olan bütün tədbirləri həyata keçirirsə, həkimlərimiz sağamlığımızın keşiyində dayanırlarsa, polis orqanları karantin qaydalarına riayət olunması üçün bütün qüvvə və bacarıqlarını səfərbər edirlərsə, təbii ki, hər bir vətəndaş bu diqqət və qayğıdan özünün sağlamlığı üçün nəticə çıxarmalı, özünün və ətrafının sağlamlığına çalışmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.

Baş redaktor Azərbaycanın məhdudlaşdırıcı tədbirlərinin ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildiyini bildirib: «Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan müsahibəsində də bu məqamlara xüsusi diqqət çəkilib. Azərbaycan da öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada dəstəkləyir, ona maliyyə yardımı göstərir. Azərbaycan pandemiyadan sonra da Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını davam etdirəcək. İstər Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun dövlətimizin başçısına ünvanladığı məktublarında, istərsə də cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşlərinə videomüraciətində səsləndirdiyi fikirlər Azərbaycanın ilk gündən seçdiyi yolun düzgünlüyünü bir daha təsdiqləyir.»

V.Rəhimzadə onu da qeyd edib ki, insanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də dövlətimiz üçün prioritetdir. Heç bir sosial layihə təxirə salınmadı. 2020-ci ilin əvvəlindən indiyədək reallaşan sosial layihələr davamlılığı ilə diqqət çəkir: «Cənab İlham Əliyev müsahibəsində cari ildə ən həssas təbəqəyə aid olan layihələrin icra edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, cari ildə məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə cari ildə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəni, yaxud da 300 mindən çox insanı əhatə etdi. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur. Bu mühüm məqam da diqqətə çatdırılır ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Pandemiya ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq bəzi sahələrdə, o cümlədən kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub.»

Baş redaktor bildirib ki, bütün uğurlu nəticələr ona əsaslanır ki, dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkməklə yanaşı, ilk gündən bu tələbi qarşıya qoymuşdur ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Nettin qiymətinin aşağı düşməsinə, həmçinin pandemiyanın ölkə iqtisadiyyatında böyük çətinliklər yaratmasına baxmayaraq, Azərbaycan bu çətinlikləri aradan qaldırmaq imkanında olduğunu bir daha dünyaya nümayiş etdirir.

V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində diqqət yönəltdiyi məsələlərdən biri kimi daxili bədxahlarımızın, düşmən dəyirmanına su tökənlərin neftin qiymətinin aşağı düşməsini sevinclə qeyd etmələrinə də münasmbətini açıqlayıb: «Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Nəzərə alsaq ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər, bu halda özlərini xalqa yaxın göstərib, istər pandemiyadan əvvəl, istər hazırda görülən işlərin, istərsə də postpandemiya dövrü üçün nəzərdə tutulan addımların əhəmiyyətini azaltmağa çalışan bu ünsürlər bir daha xarici dairələrin göstərişləri əsasında hərəkət etdiklərini, dövlətin, xalqın maraqlarını arxa plana keçirdiklərini nümayiş etdirirlər. Ermənistana dəstək olan, ölkədə əhalinin sosial vəziyyətinə təsir etmək imkanında olan hansısa hadisəni sevinclə qeyd edən belələrinin xalqın adından danışmağa haqqı yoxdur. Onların yeri hər zaman qeyd edilidyi kimi, tarixin zibilliyidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsini sevinclə qeyd edənlər Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayırlar. Vurğulandığı kimi, neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. Ölkə iqtisadiyyatının elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurlu nəticələri, bir sözlə, son illərdə yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı bu kimi məqamlara işıq salmışdır. Həmin dövrdə Azərbaycan öz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Azərbaycanın davamlı inkişafı üçün möhkəm baza mövcuddur.»

Oxuməni.az