Fələstinin dövlət olaraq suverenliyi tanınmalıdır

Fələstinin dövlət olaraq suverenliyi tanınmalıdır

22 May 2020 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail-Fələstin münaqişəsinin yeganə həll yolu “iki dövlət” prinsiplərinin yerinə yetirilməsidir. Yəni Fələstinin dövlət olaraq suverenliyi tanınmalıdır. Bu münaqişənin həllində tək və ən real həll yoludur.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri politoloq Tofiq Abbasov Fələstin lideri Mahmud Abbasın Rusiya Prezidenti Vladimir Putindən Fələstin-İsrail münaqişəsinə dair beynəlxalq konfrans keçirmələrini istəməsini Axar.az-a şərh edərkən deyib. O bildirib ki, Rusiya Yaxın Şərq regionunda baş verən bütün münaqişələrdə vasitəçi ölkə kimi çıxış edir:

“Yəni Rusiya üçün regionda baş verən siyasi proseslər heç də yad deyil. Nəzərə almaq lazımdır ki, SSRİ də regionda aktiv siyasət aparırdı. Hətta Yaxın Şərqin bir çox ölkəsi SSRİ ilə müttəfiq səviyyəsində idi. Bu mənada bu gün SSRİ varisi olaraq Rusiya regionda öz sözünü demə imkanına sahibdir. Təbii ki, regionda ABŞ və AB-nin də maraqları var. Rusiya son zamanlar regionda diplomatik aktivlik göstərir. Xüsusilə də Suriya, Əfqanıstan, Liviya və s. ölkələrdə. Mən, xüsusilə, Əfqanıstanda Rusiyanın artan fəaliyyətinə də toxunmaq istərdim. Hansı ki, Əfqanıstanda son keçirilən prezident seçkiləri böyük qalmaqala səbəb oldu. Hətta ölkədə vətəndaş qarşıdurmasının başlanması belə real görünürdü. Lakin Rusiyanın diplomatik səyləri sonda koalisyon hökumətin qurulması ilə nəticələndi. Bu mənada Mahmud Abbasın Rusiyaya müraciəti həm də bu ölkənin regionda varlığının zəruriliyini xatırladır”.

Politoloq qeyd edib ki, M.Abbas Rusiyanın dəstəyi ilə həm Fələstinin hüquqlarını, həm də toxunulmazlığını təmin etməyə çalışır:

“Çünki son siyasi proseslər İsrailin regionda aqressiv siyasət apardığını yenidən gündəmə gətirib. İsrailin Qərbi Şəriyədəki yaşayış məskənləri və İordan vadisini ilhaq edəcəyi ilə bağlı açıqlaması faktiki olaraq Fələsitinin ərazi bütövlüyünü və suverenliyini itirməsi deməkdir. Bu mənada Fələstin rəhbəri ABŞ-ın dəstəklədiyi İsrail qarşısında Rusiyanın dəstəyini almaq istəyir”.

Oxuməni.az