Siyavuş Novruzov: "8 aprel "Mitinqi"ni təşkil edənlərin hərəsinə bir kəndir lazımdır ki, getsinlər özlərini assınlar"

Siyavuş Novruzov: "8 aprel "Mitinqi"ni təşkil edənlərin hərəsinə bir kəndir lazımdır ki, getsinlər özlərini assınlar"

12 Aprel 2012 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Aprelin 8-də keçirilən aksiya mitinq yox, piket idi. Bu hadisə bir daha sübut etdi ki, bizim dediyimiz sözlər haqlıdır. Bu piket xalqımızın müxalifətə göstərdiyi etimadsızlığın bariz nümunəsidir. Mən əvvəldən axıra qədər həmin piketi müşahidə etdim. müxalifət o meydanın üçdən birini doldura bilməmişdi". Bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində partiya icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, mitinq iştirakçılarının əksəriyyəti muzdla tutulan insanlar olub: "Pulları verilmədiyi üçün onlar da həmin meydanı yarımçıq və əsəbi şəkildə tərk etdilər. Biz baş verən bu hadisələrin hamısını müşahidə edirdik. Yəni mitinqin sonuna qədər iştirakçıların az bir hissəsi qaldı ki, onlar da müxalifət rəhbərlərinin qohum-əqrəbası, dost-tanışı, mətbuat nümayəndələri və həmin partiyaların aparatında çalışan insanlar idilər. Bununla bağlı çox sayda sübutlarım var. Piketdə çıxış edən insanları dinləyərkən onların hələ də 1990-cı ilin təfəkküründə olduğu görünür. Yəni cəmiyyət dəyişir, həyat dəyişir, təfəkkür dəyişir, amma Azərbaycanın bu müxalifəti dəyişmir, elə olduğu kimi qalıb".
Səyavuş Novruzov bildirib ki, Azərbaycan xalqı, vətəndaşları ölkə siyasətində indiki müxalifətin xəyanətinin şahidi olub: "Pənah Hüseyn belə bir ifadə işlədib ki, YAP-ın nümayəndələri meydandakı adamların çoxluğunu görüb oranı tərk ediblər. Birincisi, biz oranı tərk etməmişdik və axıra qədər qalıb vəziyyəti izləmişik. Tərk etmək, qaçmaq müxalifətin xüsusiyyətidir və onların ənənələrindən biridir. 1993-cü ildə bütün Azərbaycan xalqı gördü ki, xalq üçün taleyüklü bir dövr olmasına baxmayaraq, Konstitusiyaya and içmələrinə baxmayaraq, başda prezidentləri olmaqla hamısı ölkəmizi ağır vəziyyətdə qoyub qaçdılar. Pənah Hüseyn Azərbaycanın Ləl-Cavahirat Fonduna süpürgə çəkərək qaçıb gizlənmişdi hansısa ot tayasının altında, biz neçə ildən sonra onu güclə tapıb gətirdik. İndi də demokratiyadan danışır. Əli Kərimli isə qaçıb Kələkidə gizlənmişdi, hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini daşıyırdı. İsa Qəmbər hansı dərədə gedib gizlənmişdi, bəlli deyildi. Biz Azərbaycanda ictimai-siyasi sabitlik, demokratik mühit yaradandan sonra ortaya çıxdılar. Yəni qoyub qaçmaq onların ənənəsidir və Azərbaycanın taleyüklü məsələləri zamanı həmişə qaçıblar".
Millət vəkili qeyd edib ki, mitinqdə 10 min adamın iştirak etməsi ağ yalandır: "Pənah Hüseyn yalan danışanda heç olmasa üzünə bir ələk tutardı ki, camaat görməsin. Deyir, mitinqdə 10 min adam vardı. Azərbaycan cəmiyyəti görmür ki, sən yalan danışırsan? Təbii ki, bu yalanların hamısını xarici mühit üçün danışırlar, amma Pənah Hüseyn görmədi ki, xaricilər xüsusi aparatla oranı çəkirdilər və həmin aparat da sayı göstərir. Yeni informasiya texnologiyaları var ki, Pənah Hüseynin dediyi sayı deyil, reallığı göstərir. Bir neçə xarici səfirliyin, diplomatik korpusun nümayəndələri çəkiliş aparırdı. Müxalifət rəhbərlərinin isə iştirakçıların sayını artırmaqda məqsədi var. Bu sayı artıq deməklə xaricdən aldıqları vəsaitin miqdarını artırmaq istəyirlər. Lakin bu cəhdləri iflasa uğradı. Mən orada da dedim ki, bu "mitinqi" təşkil edənlərin hərəsinə bir kəndir lazımdır ki, getsinlər özlərini assınlar. Orada heç min adam yox idi. İkinci tərəfdən, aksiyanın təhlükəsizliyi lazımi səviyyədə təmin olunmuşdu. Biz hər zaman deyirik ki, mitinq keçirmək üçün istənilən şərait yaradılıb və gedin razılaşdırılmış mitinqinizi keçirin. Sadəcə, müxalifət rəhbərləri iflasa uğrayacaqlarını bildikləri üçün qanunsuz mitinqlər keçirməyə çalışırdılar".
S.Novruzov deyib ki, mitinq iştirakçılarının sayı ilə bağlı müxalifətçilərin özləri də ziddiyyətli fikirlər səsləndirirlər: "İsa Qəmbər çıxışında təkrar edirdi ki, gələn dəfə hər kəs özü ilə beş nəfər gətirsin. Bu, bazardan toyuq almaqdır, qarpız almaqdır? İsa Qəmbər bir tərəfdən deyir ki, Müsavatın minlərlə üzvləri var, digər tərəfdən yalvarır, ilan dili çıxarır ki, söz verirsinizmi ki, gələn dəfə gələndə hərəniz beş nəfər də gətirəcəksiniz? Yəni burada əqidədən, ideologiyadan söhbət gedə bilməz. Sadəcə, sayı çox göstərmək üçün çalışırlar".
YAP funksioneri bildirib ki, müxalifət xaricdəki ağalarının təhriki ilə Azərbaycanda keçiriləcək "Eurovision" mahnı yarışmasının üstünə azacıq da olsa kölgə salmaq istəyir: "Burada Ermənistanın da, bizi istəməyən ayrı-ayrı dövlətlərin də əli var. Bu yaxınlarda İran tərəfindən də bir bəyanat verildi. Baxırsan ki, onların fikirləri müxalifətin fikirləri ilə üst-üstə düşür və mənbənin harada olması artıq bəlli olur. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan güclü dövlət kimi bu beynəlxalq tədbiri də ən yüksək səviyyədə keçirəcək. İnanmıram ki, "Eurovision" mahnı müsabiqəsini gələcəkdə Azərbaycanın səviyyəsində keçirə bilən ölkə olsun".

O.M.