Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin parçalanmasından narahatdır

Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin parçalanmasından narahatdır

12 Aprel 2012 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən verilən məlumata görə, DAK həmsədri Sabir Rüstəmxanlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, bilərəkdən və ya bilməyərəkdən ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən parçalayıcı qruplar və şəxslər DAK-ın nüfuzunun artmasından narahatlıq keçirərək onu bölüb zəiflətmək istiqamətində vaxtaşırı müxtəlif addımlar atmaqdadır: "Bütün bunlara baxmayaraq, DAK rəhbərliyi təşkilatın məramına sadiq qalaraq daim dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hüquqlarını müdafiə məqsədilə diaspor təşkilatlarının birgə fəaliyyətini zəruri sayır. Aprelin 7-də qarşı tərəfin sözçüsü qismində çıxış edən Cavad Derəxti, Mirəşrəf Fətiyev, Akif Kərimovun DAK-a müraciətindən sonra imzalanan protokola əsasən birinci tərəfin aprel ayının 27-29-na Belçikanın paytaxtı Brüssel şəhərinə, DAK-ın isə aprelin 21-23-nə Ukraynanın Donetsk şəhərinə təyin edilən qurultayları təxirə salınmalı, növbəti qurultayın qarşı tərəfin də iştirakı ilə Qərbi Avropa ölkələrinin birində keçirilməli idi. Ancaq həmin günün səhəri Brüsselə toplaşmaq istəyənlər öz səlahiyyətli nümayəndələrinin - Cavad Derəxti, Mirəşrəf Fətiyevin razılaşdıqları protokoldan imtina etdilər və bu barədə mətbuata açıqlama vermək istəmədilər. Bununla da onlar birləşmək və bütövləşmək barədə daim cəmiyyətə ötürdükləri bəyanatların yenə də sözdən başqa bir şey olmadığını təsdiq etmiş oldular".

S.Rüstəmxanlı qeyd edib ki, belə bir vəziyyətdə DAK-ın qurultayı əvvəlcədən təyin olunan vaxtda keçirməkdən başqa yolu qalmayıb: "Bununla bərabər, DAK dünya azərbaycanlılarının bütün diaspor təşkilatları və güclərinin bir mərkəzdə birləşməsinin vacib olduğunu bəyan edir və bu prinsipə sadiq qalaraq öz qapılarının müraciət edən bütün təşkilat və şəxslərin üzünə, hətta iddiaçılara da açıq olduğunu bildirir və onları qurultaya dəvət edir".

O.M.