İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub

İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub

20 Fevral 2020 12:32
Bəyəndim (2) Bəyənmədim (0)

İsveçrənin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Ticarət Palatasının internet səhifəsində “Azərbaycandakı islahatlar İsveçrə şirkətlərinə nə vəd edir?” başlıqlı məqalə dərc edilib.

Mediainfo.az xəbər verir ki, məqalədə Azərbaycanda geniş vüsət alan struktur və iqtisadi islahatların 2019-cu ildə pik həddə çatması, dövlət idarəçiliyində gəncləşmə siyasətinin aparılması, hakimiyyət qurumlarının yenidən formalaşdırılması ilə bağlı məlumatlar əksini tapıb. Bildirilir ki, ölkə parlamenti də bu islahatlardan kənarda qalmayıb və qanunverici orqanın islahatların artan sürətinə uyğunlaşması üçün ölkədə növbədənkənar parlament seçkiləri elan olunub. Parlament seçkilərində namizədlərin sayının çoxluğu seçkilərin yüksək rəqabət şəraitində keçdiyinə dəlalət edir. Seçkilərin xalqın iradəsini əks etdirdiyi və yeni parlamentdən ölkədəki islahatlar prosesini daha da sürətləndirəcəyinin gözlənildiyi qeyd edilib.

Məqalədə daha sonra aparılan islahatlar nəticəsində Azərbaycanda ümumi daxili məhsulun artdığı, qeyri-neft sektorunun inkişaf etdiyi vurğulanıb. Həmçinin strateji valyuta ehtiyatlarının çoxaldığı, vergi və gömrük sektorlarında aparılan islahatlar sayəsində 2019-cu ildə büdcəyə daxil olan vergi gəlirlərinin xeyli artdığı qeyd edilib. Aparılan islahatların beynəlxalq təşkilatların da diqqətindən qaçmadığı vurğulanıb. Dünya Bankının “Doing Business 2020” hesabatının Azərbaycanı dünyanın 20 aparıcı islahatçısı siyahısına daxil etdiyi, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında isə Azərbaycanın 11 pillə irəliləyərək 58-ci pilləyə yüksəldiyi bildirilib.

Sonda Azərbaycanda aparılan islahatların İsveçrə şirkətləri üçün də böyük imkanlar açdığı qeyd edilərək, “Stadler Rail” və “Holcim” kimi şirkətlərin uğur hekayələrinin digər İsveçrə şirkətlərini də siyasi cəhətdən sabit və iqtisadi cəhətdən imkanlarla zəngin olan Azərbaycana diqqət yetirməyə həvəsləndirməli olduğu vurğulanıb.

Mediainfo.az