Ukrayna Baş Naziri Aleksey Qonçaruk istefa verib

Ukrayna Baş Naziri Aleksey Qonçaruk istefa verib

17 Yanvar 2020 12:58
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında məlumat verib.

Qonçaruk istefasını hökumət iclaslarının audio yazılarının yayımlanması ilə əlaqələndirib. Bildirib ki, bunlar quramadır.

“Mən vəzifəyə prezidentin proqramını yerinə yetirmək üçün gəldim. O, mənim üçün açıqlıq və düzgünlük nümunəsidir. Ancaq Prezidentə hörmətimiz və güvənimizlə bağlı hər hansı bir şübhəni aradan qaldırmaq üçün istefa məktubu yazdım”, -deyə A. Qonçaruk qeyd edib.

Prezidentin Ofisindən bildirilib ki, Qonçarukun istefa ərizəsini qəbul ediblər: “Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir Aleksey Qonçarukun istefa məktubunu əldə edib. Dövlət başçısı bu açıqlamaya baxacaq. Ukrayna Prezidentinin Aparatı araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat verəcək”.

Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, ölkə tarixinə ən gənc Baş Nazir kimi düşüb.

Zelenskinin adamı kimi tanınan Qonçarukun Baş Nazir vəzifəsinə namizədliyini elə ölkə başçısı irəli sürmüşdü.

Onun adı vəzifəyə gəldiyi gündən qalmaqallarda hallanıb. Belə ki, bir müddət öncə Aleksey Qonçaruk homoseksual zorakılıqda ittiham edilib. Məlumatda vurğulanırdı ki, ukraynalı hökumət rəhbəri aparatın kişi əməkdaşına qarşı seksual hərəkətlər edib. Belə bir iddia ilə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk çıxış etmişdi.

Qonçarukun ailəsinin kommunal xidmətlərə görə 21 min qrivendən çox (1413.26 AZN) borcu olduğuna dair də informasiya yayılmışdı.

Bundan əlavə, Baş Nazir iş başında rahat davranmasına görə də tənqid olunmuşdu. Belə ki, o, Nazirlər Kabinetinin dəhlizində elektrosamokat sürərək 1 sentyabr – Bilik günü müasibətilə şagirdlərə müraciət etmişdi: “Salam, dostlar. Bu gün 1 sentyabr – Bilik günüdür. Sabah siz məktəbə gedəcəksiniz. Mən isə Nazirlər Kabinetinə gedəcəm”.