İran təyyarənin yanlışlıq nəticəsində vurulduğunu etiraf etdi

İran təyyarənin yanlışlıq nəticəsində vurulduğunu etiraf etdi

11 Yanvar 11:28
1 040
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynaya məxsus sərnişin təyyarəsi yanlışlıq nəticəsində İranın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

Oxumeni.az xəbər verir ki, bu açıqlamanı İran Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Açıqlamada bildirilib ki, həmin gün ölkənin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində idi. İraqda baş verən hadisələrlə əlaqədar İran səmasının təhlükəsizliyi təmin edilirdi ki, bu zaman da yanlışlıqla təyyarə raket atəşi ilə vurulub.

Məsələyə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də münasibət bildirib. Nazir həlak olanların ailə üzvlərinə başsağlığı verib, onlardan üzr istəyib. Vurğulayıb ki, bu kədərli hadisə insan səhvinin və regiondakı gərgin hərbi-siyasi vəziyyətin nəticəsində baş verib.

Qeyd edək ki, təyyarənin vurulması haqqında ilk açıqlamanı Kanadanın Baş Naziri Castin Trüdo verdi. Sonra Ukrayna qəzanın səbəblərini araşdırmaq üçün İrana mütəxəssislər göndərdi. Rəsmi Tehran əvvəlcə təyyarənin vurulması barədə dolaşan xəbərləri təkzib etdi. Buna baxmayaraq, İranın Silahlı Qüvvələrinin Baş Qərargahı etiraf açıqlaması ilə çıxış etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az