ABŞ və Çin ticarət sövdələşməsinin birinci fazası üzrə razılaşma imzalayacaq

ABŞ və Çin ticarət sövdələşməsinin birinci fazası üzrə razılaşma imzalayacaq

9 Yanvar 11:57
828
Bəyəndim (1) Bəyənmədim (0)

Vaşinqtonda yaxın günlərdə ABŞ ilə Çin arasında ticarət sövdələşməsinin birinci fazası üzrə razılaşma imzalanacaq.

Oxumeni.az xəbər verir ki, Çin Kommersiya Nazirliyinin mətbuat katibi Qao Fen bu məqsədlə Dövlət Şurası sədrinin (Baş Nazirin) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyətinin yanvarın 13-də Vaşinqtona ikigünlük səfərə yollanacağını bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların və Çinin ticarət sazişi imzalamağa çox yaxın olduqlarını bildirmişdi. Mətbuatda sənədin yanvarın 15-də Vaşinqtonda imzalanacağı barədə xəbərlər yayılmışdı.

Çin-ABŞ ticarət danışıqlarının ötən ilin oktyabrında Vaşinqtonda keçirilmiş sonuncu mərhələsində ticarət sövdələşməsinin birinci fazası üzrə razılaşma əldə olunub. Çin mənbələri kənd təsərrüfatı, müəllif hüquqlarının qorunması, valyuta mübadiləsi məzənnəsi, maliyyə xidmətləri, ticarət əməkdaşlığının genişləndirilməsi, texnoloji mübadilə sahələrində razılaşma əldə olunduğunu yazıb. Bundan sonra Prezident Donald Tramp oktyabrın 15-də 250 milyard dollarlıq Çin mallarına planlaşdırılan idxal rüsumlarının artırılmasının təxirə salındığını bəyan edib.

ABŞ və Çin bir ildən çoxdur ki, “ticarət müharibəsi” vəziyyətindədir. Hər iki ölkə rüsumları dəfələrlə qarşılıqlı olaraq artırıb, yaxud yeni rüsumlar tətbiq edib. Dünyanın ən böyük iki iqtisadiyyatına malik dövlətlər arasında bu ticarət mübahisələri ümumi iqtisadi artıma mənfi təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az