Avstriyada yeni hökumətin andiçmə mərasimi keçirilib

Avstriyada yeni hökumətin andiçmə mərasimi keçirilib

7 Yanvar 2020 16:06
Bəyəndim (2) Bəyənmədim (0)

Yanvarın 7-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi “Hofburq“ sarayında yeni qurulmuş federal hökumətin andiçmə mərasimi keçirilib.

Oxumeni.az xəbər verir ki, Federal Prezident Aleksander Van der Bellen Avstriya tarixində ilk dəfə olaraq birgə hökumət quran mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası (ÖVP, ənənəvi olaraq “qaralar” adlanır) və Yaşıllar Partiyasının (partiyanın adına müvafiq olaraq “yaşıllar” adlanır) mənsublarına müraciət edib. O, iki fərqli siyasi qütbü təmsil edən partiyalardan təşkil olunan koalisiyalı hökumətin qara-yaşıl deyil, qırmızı-ağ-qırmızı (ölkə bayrağının rəngləri) prinsiplərə sadiq qalmağı arzu edib. Prezident bununla da hökumət daxilində partiya maraqlarının deyil, ölkənin ümumi maraqlarının ön planda dayanmasını gözlədiyini ifadə edib.

Andiçmə mərasimində Avstriya Xalq Partiyasının sədri, hökumətin rəhbəri Sebastian Kurts Federal Kansler qismində, Yaşıllar Partiyasının sədri Verner Koqler isə Vitse-kansler qismində müvafiq sənədləri qəbul ediblər.

Yeni hökumət nazirlər və dövlət katibləri də daxil olmaqla 17 nəfərdən ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az