ABŞ administrasiyası İraqa qarşı sanksiyaların müzakirəsinə başlayıb

ABŞ administrasiyası İraqa qarşı sanksiyaların müzakirəsinə başlayıb

7 Yanvar 2020 12:07
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması barədə qətnamə qəbul etməsi səbəbindən bu ölkəyə qarşı sanksiyaları müzakirə etməyə başlayıb.

Oxumeni.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, sanksiyalarda ABŞ biznesinin İraqın işgüzar dairələri ilə çalışmasına qadağalar nəzərdən keçirilir.

İqtisadi məhdudiyyətlərin tətbiq olunacağı təqdirdə aparıcı rolu Ağ ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq. Mənbələrdən birinin sözlərinə görə, hazırkı müzakirələr ilkin xarakter daşıyır və sanksiyaların tətbiq olunacağı məsələsi hələ də dəqiqləşməyib. Vaşinqton hələlik Bağdadın bəyanatdan sonrakı addımlarını gözləyir.

Qeyd edək ki, İraq Nümayəndələr Şurasının (parlament) deputatları yanvarın 5-də keçirilən təcili iclasda hökumətdən ölkədəki xarici qoşunların mövcudluğuna son qoymağı və terror əleyhinə beynəlxalq koalisiya ilə təhlükəsizlik barədə saziş çərçivəsində fəaliyyəti dayandırmağı tələb edib.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Amerikaya qarşı tərs addım atılacağı təqdirdə Bağdadı iqtisadi sanksiyalarla hədələyib.

İclas ABŞ-ın İraq ərazisinə bir neçə raket zərbəsindən sonra ölkədə vəziyyətin gərginləşməsi fonunda keçirilib. Belə ki, yanvarın 3-də Birləşmiş Ştatların Bağdad aeroportu rayonuna endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani və şiələrin “Əl-Haşd əş-Şaabi” qruplaşması komandirinin müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az