Avropadan Əsəd ailəsinin qadınlarına sanksiya gəldi

Avropadan Əsəd ailəsinin qadınlarına sanksiya gəldi

23 Mart 2012 18:38
Bəyəndim (0) Bəyənmədim (0)
Avropanın qapıları Əsəd soyadını daşıyan 4 xanımın üzünə bağlandı

Avropa İttifaqı (Aİ) Suriya prezidenti Bəşər Əsədin ailəsində olan 4 qadına qarşı sanksiya həyata keçirmək qərarına gəlib. Bu qadınların sırasında ölkənin birinci xanımı Əsma Əsəd də var. The Daily Telegraph-ın məlumatına görə, Əsəd ailəsinin elektron yazışmaları ələ keçirildikdən sonra belə bir qərar verilib. Xəbər verdiyimiz kimi, Suriyada qiyam qanlı yollarla yatırılan zaman prezidentin arvadı internet vasitəsilə Avropa brendlərindən alver etməkdə davam edirdi. Başqa sözlə desək, yazışmalarında ölkədəki vəziyyətdən narahat olmadığını, yalnız bahalı malların prezident sarayına çatdırılmaması üçün əndişələndiyini yazırdı. Odur ki, birinci xanım da daxil olmaqla Bəşər Əsədin anasının, bacısının və gəlinlərinin Avropa banklarındakı bütün aktivləri donduruldu. Həmçinin 4 xanım üçün Aİ-nin 27 ölkəsinə səfər qadağan olundu.

Qeyd edək ki, Əsma Əsəd Böyük Britaniyada böyüyüb boya başa çatıb. O, Suriyanın Xoms şəhərindən Londona emiqrasiya etmiş ailənin qızıdır. Məhz Bəşər Əsəd Londonda oftalmologiya ixtisası üzrə təhsil alarkən onlar tanış olublar və 2000-ci ildə ailə qurublar. Avropa dəyərləri ilə böyümüş Əsma Əsəd indiyə qədər bütün dünyada, eləcə də Suriyada xeyirxah, xeyriyyəçi insan kimi tanınsa da, məlum hadisədən sonra onun haqqında formalaşmış fikirlər alt-üst olub. Yazışma zamanı onun ərinin hərəkətlərinə bəraət qazandırması və Bəşəri dəstəkləməsi haqda yürütdüyü fikirlər birinci xanımı dünya ictimaiyyətinin gözündən salmağa əsas səbəb olub.

Xatırladaq ki, Avropa İttifaqı buna qədər də Suriyanın yüksək vəzifəli şəxsləri, bank və müəssisələri haqda analoji sanksiyanı həyata keçirib. Hətta Suriyanın əsas gəlir mənbəyi olan xam neftin idxalına da qadağa qoyulub.

Kişinin ən zəif yeri qadındır. Hətta siyasətçi olsa belə...

Murad Şahməmmədov

O.M.