VİDEO-Eşşəyi təhqir etmiş Jirinovski məhkəməyə verildi

VİDEO-Eşşəyi təhqir etmiş Jirinovski məhkəməyə verildi

23 Mart 2012 14:04
Bəyəndim (0) Bəyənmədim (0)
"Eşşəyim sizdən də yaxşı doyunca yedizdirilir"

Rusiya prezidentliyinə sabiq namizəd olan LDPR başqanı Vladimir Jirinovski uzunqulağı təhqir etdiyinə görə Sevastopol şəhərinin Naximov məhkəməsinə verilib. "Чудо Ослик (Uzunqulaq Möcüzə)" fermasının rəhbəri Nikolay Pomoqalovun iddia ərizəsində bildirilir ki, prezidentliyə sabiq namizəd seçkiqabağı reklam çarxında zəhmətkeş heyvanı təhqir edərək, ona qarşı zor tətbiq edib. Rusiyanın "Сегодня (Bu gün)" qəzetinin məlumatına görə, fermer LDPR rəhbərindən eşşəkdən rəsmən üzr istəməsini tələb edib. Belə ki, Jirinovski seçkiqabağı tanıtım çarxında eşşək arabasında oturaraq heyvanın ünvanına təhqiramiz ifadələr işlədib. Daha dəqiq desək, video-çarxda bu sözləri deyib: "Balaca qotur eşşək bizim ölkənin rəmzinə çevrilib. O, güclə hərəkət edir, yeriyə bilmir. Bütün ölkə də öz yerində qalıb. Mən prezident seçilsəm, cəsarətli üçlüyü geri qaytaracağam." Çarxın finalında Jirinovski yüyəni dartaraq, qamçı ilə uzunqulağı vurur və "getdin!" deyə istehzalı tərzdə qışqırır.

Xatırladaq ki, məlum video-çarx fevral ayının əvvəllərində yayımlanmağa başlayıb və böyük müzakirələrə səbəb olub. Vladimir Jirinovski 08 fevral tarixində Dövlət Dumasında çıxışı zamanı məsələyə bu cür aydınlıq gətirib: "Video süjetin qəhrəmanı olan eşşək mənim bağ evimdə qalır. Ona ən komfortlu şərait yaradılıb. Tənbəl 5 ildir heç nə eləmir. Bununla belə, sizdən də yaxşı doyunca yedizdirilir. Hətta onun ayrıca mənzili də var."

Bəzən insana xitabən işlədilən "eşşək" kəlməsi uzunqulağa təhqir kimi səslənir...

Murad Şahməmmədov

O.M.