Sabah Bakıda mitinq keçirməyə hazırlaşan gənclərin bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

Sabah Bakıda mitinq keçirməyə hazırlaşan gənclərin bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

16 Mart 2012 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclərin Hüquqlarını Müdafiə Komitəsindən (GHMK) verilən məlumata görə, mitinqin təşkilatçıları - Samir Əsədli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Səxavət Soltanlı, Rail Abbasov, Ülvi Həsənli və Cəmil Hacıyev bu gün saat 18.00-da Bakı şəhər Baş Polis İdarəsinə dəvət ediliblər. Bakı Şəhər Baş Polis İdarəsindən

bildirilir ki, Bakı şəhər İcra Hakimiyyəti həmin gənclərin aksiya keçirmək istəyinə müsbət cavab verib. Polis də öz növbəsində sabah aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Gənclərin Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmasında isə məqsəd onları təlimatlandırmaqdır: "Onlara qanunazidd əməllərə yol verməmək və aksiyanın müəyyən edilmiş çərçivədə keçirmək barədə xəbərdarlıq ediləcək".
Qeyd edək ki, GHMK Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirməklə bağlı müraciət edib. Paytaxt meriyası müraciətə baxaraq, kütləvi aksiyanın keçirilməsi niyyətini müsbət qarşılayıb. İcra hakimiyyəti mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.
GHMK sabah saat 15.00-dan 17.00-dək paytaxt meriyasının mitinq üçün ayırdığı yerdə aksiya keçirməyə hazırlaşır.
Xatırladaq ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən "Nida" Vətəndaş Hərəkatı, "Dalğa", "Azad", "Müsbət Dəyişiklik" gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. Aksiyada "Qarabağ", "Siyasi məhbuslara azadlıq", "Rüşvətsiz təhsil" və "Rüşvətə yox" şüarları səslənəcək.

O.M.