Nur-Sultanda Suriya böhranı ilə bağlı müzakirələr aparılıb

Nur-Sultanda Suriya böhranı ilə bağlı müzakirələr aparılıb

12 Dekabr 2019 12:06
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan paytaxtı Nur-Sultanda Astana prosesi çərçivəsində Suriya böhranı ilə bağlı 14-cü beynəlxalq görüş keçirilib.

İkigünlük görüşdə zəmanətçi ölkələr - Türkiyə, Rusiya və İran arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb. Həmçinin müşahidəçi ölkələrin nümayəndələri ilə də görüşlər təşkil edilib. Üçtərəfli danışıqlarda Suriyada gedən vətəndaş müharibəsinin daimi həlli yolları müzakirə olunub, müharibədən sonrakı konstitusiya, siyasi keçid, təhlükəsizlik və qaçqınların yenidən yerləşdirilməsi, girovların azad edilməsi məsələləri üzrə danışıqlar aparılıb.

Oxumeni.az xəbər verir ki, bu barədə görüş iştirakçılarının birgə bəyanatında bildirib.

Bəyanatda qeyd olunub ki, İordaniya, İraq və Livanın nümayəndə heyətləri ölkələrinin Astana formatında keçirilən görüşdə müşahidəçi qismində iştirak etməsindən məmnunluqlarını bildiriblər. Bu ölkələrin Suriyada sülhün və sabitliyin bərqərar olunmasında vacib rolu vurğulanıb.

Astana prosesi çərçivəsində Suriya danışıqlarının növbəti görüşü gələn ilin martında yenə də Nur-Sultanda keçiriləcək.

Xatırladaq ki, Astana prosesi çərçivəsində ilk görüş 2017-ci ilin yanvarında Türkiyədə təşkil olunub. Məqsəd BMT-nin təsisçiliyi ilə keçirilən Cenevrə sülh danışıqlarına dəstək verməkdir. İran, Türkiyə və Rusiya Astana prosesi üzrə zəmanətçi ölkələr kimi Suriya böhranının həllinə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az