Azərbaycan nümayəndə heyəti İran prezidenti ilə görüşüb

Azərbaycan nümayəndə heyəti İran prezidenti ilə görüşüb

4 Dekabr 2019 13:22
Bəyəndim (1) Bəyənmədim (0)

İranda səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın prezidenti Həsən Ruhani ilə görüşüb.

Oxumeni.az xəbər verir ki, Şahin Mustafayev Prezident İlham Əliyevin məktubunu Prezident Həsən Ruhaniyə təqdim edib. Bildirib ki, Prezident İlham Əliyev Sizinlə dostluğa və səmimi münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti hesab edir ki, dostluq əlaqələri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək və qarşılıqlı əlaqələr xalqlarımızın mənafeyinə xidmət edəcək.

Prezident Həsən Ruhani məktuba görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Prezident Həsən Ruhani deyib ki, İran ilə Azərbaycan yaxın qonşu olmaqla yanaşı, həm də yaxın dost və qardaş dövlətlərdir. Hər iki dövlət qlobal əhəmiyyətə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayır. Bu layihəyə daxil olan dəmir yolu xətti İrandan Azərbaycana və Rusiyaya, oradan isə Avropaya uzanacaq. Bu layihədən yalnız İran ilə Azərbaycan deyil, həmçinin regionun digər dövlətləri də faydalanacaq. Biz, həmçinin İran, Azərbaycan və Rusiya üçtərəfli əlaqələrinin inkişafında da maraqlıyıq.

Prezident Həsən Ruhani iki ölkə arasında digər sahələrdə olduğu kimi, turizm, yüksək texnologiyalar və ekologiya sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az