Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb

Vaşinqtonda ABŞ və Türkiyə prezidentlərinin görüşü başlayıb

14 Noyabr 10:34
173
Bəyəndim (1) Bəyənmədim (0)

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb.

Oxumeni.az xəbər verir ki, əvvəlcə dövlət başçıları və xanımları birgə foto çəkdiriblər.

Prezident Donald Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnunluğunu bildirərək deyib: “Sizi burada qəbul etmək bizim üçün şərəfdir. Kürdlərlə görüşdük, xeyli məmnundurlar. Atəşkəs davam edir. Bilirsiniz, əsgərlərimizi geri çəkmişdik. Düşünürəm ki, artıq digər insanların sərhədləri üçün narahat olmamalıyıq. Öz sərhədlərimizi düşünməliyik”.

Türkiyə Prezidenti ilə uzunmüddətli dostluq əlaqələrinin olduğunu deyən ABŞ Prezidenti bildirib: “Prezident ilə çox yaxın dostuq. Uzun müddətdir dostuq. Bir-birimizi çox yaxşı anlayırıq. Haradan gəldiyimizi yaxşı bilirik və problemlərimizi də yaxşı başa düşürük. Qeyd etdiyimiz bölgədə Türkiyədən bir çox insan həlak oldu. Bu istiqamətdə addımlar atmalıyıq”.

Türkiyə Prezidenti Ərdoğan isə görüşdən sonra təşkil olunacaq mətbuat konfransında media nümayəndələrinə ətraflı məlumat veriləcəyini bildirib.

Protokola uyğun olaraq, görüşün iki saat davam etməsi nəzərdə tutulur. Prezidentlərin görüşündə Suriya böhranı ilə yanaşı, Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri, həmçinin F-35 qırıcıları ilə bağlı yaranan problem də müzakirə olunacaq.

Xatırladaq ki, Türkiyənin Suriyanın şimalında, Fərat çayının şərqində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranmışdı. ABŞ Prezidentinin dəvəti əsasında həyata keçirilən bu səfər münasibətlərin normallaşdırılmasına xidmət edir.

Donald Tramp ilə görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Ticarət Palatasının, Xarici İqtisadi Əlaqələr Komitəsinin və Türkiyə-ABŞ Biznes Şurasının təşkil etdiyi “dəyirmi masa”ya qatılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)