Boliviya ordusu prezident səlahiyyətlərini icra edən Janin Anyesi dəstəkləyib

Boliviya ordusu prezident səlahiyyətlərini icra edən Janin Anyesi dəstəkləyib

13 Noyabr 14:03
53
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviya Silahlı Qüvvələri Evo Moralesin istefasından sonra prezident səlahiyyətlərini icra edən müxalif senator Janin Anyesi dəstəkləyib.

Oxumeni.az “Pagina Siete” qəzetinə istinadla xəbər verir ki, bu barədə ordunun baş komandanı Uilyams Kalimanın məktubunda deyilir.

“Vəziyyəti nəzərə alaraq məlumat vermək istəyirik ki, qanuna və hərbi nizamnaməyə əsasən, biz sizin tabeçiliyinizdəyik”, - deyə məktubda bildirilir.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada baş tutan prezident seçkilərində Evo Moralesin ilk turda qələbə qazandığını elan etməsi etiraz aksiyalarına səbəb olub. Noyabrın 10-da Boliviyanın Silahlı Qüvvələri ölkədə stabilliyin qorunması üçün Moralesi istefa verməyə çağırıb. Prezident ölkəni tərk edərək ona siyasi sığınacaq verən Meksikaya yollanıb. Eyni zamanda, ölkənin bütün ali rəhbərliyi də istefa verib.

Bundan sonra müxalif senator Janin Anyes prezident səlahiyyətlərini müvəqqəti olaraq öz üzərinə götürüb. Konstitusiya məhkəməsi hakimiyyətin ötürülməsi prosesinin qanuna uyğun olduğunu təsdiqləyib.

Böyük şəhərlərdə seçkilərdən sonra başlamış iğtişaşlar davam edir. Son məlumatlara görə iğtişaşların gedişində yeddi nəfər həlak olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)