Mixail Qorbaçov Rusiya və Qərb arasındakı qarşıdurmanı “sərin müharibə” hesab edir

Mixail Qorbaçov Rusiya və Qərb arasındakı qarşıdurmanı “sərin müharibə” hesab edir

5 Noyabr 2019 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

SSRİ-nin ilk və son prezidenti - 88 yaşlı Mixail Qorbaçov jurnalistlərə nadir hallarda müsahibə verir.

"Tələsməkdə haqlısız, çünki elə yaşdayam ki, bu gün varam, sabah yox" - o, Berlin divarının söküləmsinin 30-cu ildönümüylə bağlı BBC-nin Moskva müxbiri Stiv Rozenberqə verdiyi müsahibədə belə deyib.

"Dəmir pərdə"nin hər iki tərəfində yüzlərlə alman divarı parça-parça sökəndə ADR-də hələ də yüzminlərlə sovet əsgəri vardı.

Amma onlara prosesə müdaxilə etməmək əmri verilmişdi, Yeltsin hakimiyyətə gələndən sonra isə sovet qoşunları sürətləndirilmiş templə Şərqi Almaniya ərazisini tərk etmişdilər.

Mixail Qorbaçov bu gün də əmindir ki, o vaxt doğru qərar verib. O hesab edir ki, əsas məsələ qan tökülməsinə yol verməmək idi.

Berlin divarı

"Əsas odur ki, qan tökülmədi. Almanlara, bizə, bütün Avropaya və bütün dünyaya dəxli olan böyük bir məsələnin qanla müşayiət olunmasına yol vermək olmazdı. Və biz qarışmayacağımızı bəyan etdik".

Bundan cəmi iki il sonra SSRİ dağıldı və bu gün superdövlətin məhvində məhz Qorbaçovu günahlandıran xeyli rusiyalı var.

Amma Qərbdə Qorbaçova qarşı münasibət, demək olar ki, hər yedə müsbətdir - ilk növbədə ona görə ki, ABŞ-ın o zamankı prezidenti Ronald Reaganla birlikdə onlar nüvə silahına nəzarət barədə yox, nüvə tərksilahı barədə razılığa gəlmişdilər. Onda bu, soyuq müharibənin sonu kimi qiymətləndirilmişdi.

Qorbaçov və Reagan

Təəssüf ki, o vaxt imzalanmış tərksilah razılaşması zamanın sınağına tab gətirmədi. Rusiya və ardınca da ABŞ yeni raketlərin sınağına başladılar və silahlanma yarışı yenidən başladı.

"Kütləvi qırğın silahları, ilk növbədə də nüvə silahları qaldıqca, təhlükə böyük olaraq qalacaq. Bütün xalqlar nüvə silahının məhvini tələb etməlidirlər. Bununla biz özümüzü və planeti xilas etmiş olarıq" - Qorbaçov belə deyir.

Rusiya və Qərb arasında əvvəllər soyuq müharibə adlandırılan indiki qarşıdurmanı o, "sərin müharibə" kimi qiymətləndirir.

"Özünüz baxın - gah bir, gah da başqa yerdə toqquşmalar, atışmalar baş verir. Hərbi təyyarələr harasa uçurlar, hərbi gəmilər harasa üzürlər. Bu bizə lazım olan vəziyyət deyil" - keçmiş SSRİ prezidenti belə deyir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)