ABŞ İranın maliyyə gəlirlərinin 60%-ni dondura bildi

ABŞ İranın maliyyə gəlirlərinin 60%-ni dondura bildi

29 Fevral 2012 13:22
Bəyəndim (0) Bəyənmədim (0)
Tezliklə İran ərazisindəki irimiqyaslı layihələrin icrası dayandırılacaq

ABŞ faktiki olaraq İranın əsas maliyyə gəlirinin qarşısını ala bilib. Wall Street Journal-ın bugünkü məlumatına görə, amerikalılar bunu Dubayın Mərkəzi Bankının köməyi ilə həyata keçiriblər. Belə ki, ABŞ BƏƏ-nin rəsmilərini inandıra bilib ki, İrana qarşı maliyyə sanksiyalarını sərtləşdirmək lazımdır. Dubayın Mərkəzi Bankı da öz növbəsində İranın büdcəsinin gəlir hissəsini təşkil edən maliyyə köçürmələrini qeyri müəyyən müddətə dondurub. Qeyd edək ki, İran neftinin satışından əldə olunan maliyyə vəsaitlərinin 60 %-i məhz bu bank vasitəsilə həmin ölkəyə ötürülür. BƏƏ ABŞ-ın yaxın müttəfiqidir və Dubay Mərkəzi Bankının rəhbəri əmirin oğludur. Bank iqtisadçılar arasında İranın maliyyə oksigeni adlandırılır. Odur ki, analitiklərin fikrincə, tezliklə İran ərazisindəki irimiqyaslı layihələrin icrası dayandırılacaq. Bu isə ölkədə sosial gərginliyə gətirib çıxaracaq ki, ölkə rəhbərliyi xalqın yanında nüfuzunu itirməyə başlayacaq.

Xatırladaq ki, İran ötən il neft ixracından 80 milyard ABŞ dollarından çox vəsait əldə edib. Bu ölkə neft istehsalına görə, dünyada 5-ci yeri tutur. Odur ki, beynəlxalq sanksiyalar dünya bazarında neftin qiymətini 109 dollar/barelə qədər yüksəldib.

O.M.