Qəbələ radiolokasiya stansiyasının icarəsinə dair Azərbaycanla Rusiya arasında danışıqlar dalana dirəndi

Qəbələ radiolokasiya stansiyasının icarəsinə dair Azərbaycanla Rusiya arasında danışıqlar dalana dirəndi

29 Fevral 2012 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Kommersant" qəzetinin məlumatına görə, rəsmi Bakı Qəbələ radiolokasiya stansiyasının illik icarə haqqını 40 dəfədən çox artırmaq niyyətindədir. Daha doğrusu, illik 7 milyon əvəzinə 300 milyon tələb edən rəsmi Bakı güzəştə getmək niyyətində deyil.

Rusiya Müdafiə Nazirliyindəki mənbə qəzetə bildirib ki, bu rəqəm onları qane etmir, buna görə də rəsmi Moskva qiyməti kifayət qədər aşağı salmağa çalışır: "Azərbaycan inadından əl çəkməsə, Müdafiə Nazirliyi radiolokasiya stansiyasını tərk etmək təhlükəsi ilə üz-üzədir. Bu rəqəm heç nə ilə əsaslandırılmır və kifayət qədər yüksəkdir, biz qiyməti aşağı salmağa çalışırıq".
Qeyd edək ki, bu il Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə Azərbaycan arasında imzalanmış 10 illik sazişin müddəti başa çatır. Moskva müqavilənin müddətini 25 il artırmaq istəyir, bununla bağlı Bakıda aparılan danışıqlarda razılaşma əldə olunub. "Kommersant" Azərbaycan tərəfinin illik icarə haqqını əvvəlcə 7 milyondan 15 milyona, sonra 150 milyona, indi isə 300 milyona qaldırdığını bildirir. Bununla da danışıqlar dalana dirənib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə qəzetə bildirib ki, Bakının güzəştə getməməyinin səbəbi Xəzərin hüquqi statusuna dair danışıqlarda tutduğu mövqeyə görə Moskvadan heyf çıxmaq istəməsidir.

O.M.